SAS: Yaxın Şərqdəki gizli ingilis barmağı - Tam Məxfi

      SAS:    Yaxın Şərqdəki gizli ingilis barmağı -    Tam Məxfi
  09 İyul 2019    Oxunub:9277
Dünyadakı ən məşhur xüsusi xidmətlərdən biri də Britaniyanın “SAS” (Special Air Servise) təşkilatıdır. SAS II Dünya Müharibəsinin əvvəllərində - 1941-ci ildə yaradılıb. İlk komandiri Britaniya ordusunun polkovniki Devid Sterlinq olub. Sterlinq Britaniya kral ailəsinə bağlı idi və 1952-ci ildə II Yelizavetanın tacqoyma mərasimində ona fəxri “Goldstick” (Kral ailəsinin mühafizəsinin həvalə olunduğu nümayəndə) vəzifəsi həvalə olunmuşdu. SAS-da xidmət etmək ingilis, eləcə də şotlandiya aristokratları arasında prestij sayılır.
SAS yarandığı ilk gündən başlayaraq, II Dünya Müharibəsi ərzində düşmən arxasında müxtəlif diversiyalar, düşmən ərazisində təxribatlar, qətllər, sui-qəsdlər həyata keçirib. Konkret olaraq Şimali Afrika, həmçinin, Balkanları misal göstərə bilərik. 1957-ci ildə İndoneziya-Malaziya, 1960-cı ildə Zair və Mozambik, 1964-cü ildə Kendiyada 20 min nəfərin ölümü ilə bitən vətəndaş və qəbilələrarası savaşlar, Suriya və Liviya müharibələri də SAS-ın xidmətləridir. SAS ilə bağlı olan Yeni Zelandiya Xüsusi Aviasiya Xidmətinin Cənub-Şərqi Asiyanın bəzi ölkələrindəki məxfi əməliyyatlarını da vurğulamaq olar. Bütün bunlarla yanaşı, 60-cı illərdə Birmada hakimiyyətə qarşı qəbilələrin qiyamı, Hindistanda qəbilələr arasında qarşıdurmanı da məhz SAS təşkil etmişdi.

SSRİ qoşunları Əfqanıstana yeridiləndən sonra, SAS-ın fəaliyyət arealı əsasən Pakistan idi. Əfqanıstan-Pakistan sərhədi boyunca fəaliyyətdə olan SAS döyüşçüləri burada mücahidlərin sovetlərə qarşı savaşmasını təmin edirdilər. Məsələn, “Ümumdünya Təbiət Fondu” Əfqanıstanda gizli əməliyyatların həyata keçirilməsi işində SAS ilə sıx əməkdaşlıq edirdi. İngilis-amerikan xüsusi xidmətinin birgə “Faraday” əməliyyatının Əfqanıstanda həyata keçirilməsi məhz SAS-ın döyüşçülərinin üzərinə qoyulmuşdu.

Hazırda SAS-ın hər birində 600-700 nəfər olmaqla 3 polku (21, 22 və 23-cü polklar) mövcuddur. Təşkilatın ümumi canlı qüvvə sayı təqribən 4.500 nəfərə bərabərdir. Əsas aktiv olan hissə 22-ci polkdur, digər ikisi - 21 və 23-cü polklar ehtiyatda saxlanılır. Bu 3 polkdan başqa, xidmətin tərkibinə 2 rabitə eskadronu daxildir. Rəsmi məlumata görə, bu gün SAS-ın döyüşçüləri dünyanın 30 ölkəsində xidmət göstərirlər. Onlar ciddi meyarlarla seçilir və xüsusi hazırlıq keçirlər. Hazırlıq müddətində onlara terrorçu psixologiyasını dərindən bilmək üçün özəl biliklər öyrədirlər.
SAS yalnız Britaniya ordusunun xüsusi təyinatlı xidmətinin elit hissələrindən biri deyil, həm də “Ümumdünya Təbiət Fondu”nun hərbi şöbəsinin funksiyasını yerinə yetirir.



Dünyada SAS ilə bağlı bir çox firmalar mövcuddur. Bunlardan biri də “Kini Mini Xidməti”dir. Kini Mini Xidməti (Keenie Meenie Servises, KMS) suaxili dilində “otluqdakı ilan” deməkdir. Firmanın yüksəliş dövrü məhz 1980-cı illərə, Əfqanıstandakı müharibə dövrünə düşür. Kini Mini Xidmətinin (KMX) ilk əməliyyatlarından biri 1970-ci ildə reallaşdırılmışdır. Həmin əməliyyatın məqsədi Omandakı üsyanı yatırmaq idi. Oman SAS-ın Əfqanıstanda keçirdiyi gizli əməliyyatlar üçün əsas baza kimi çıxış edirdi. Məsələn, 1980-cı ildə ABŞ ilə Oman arasında imzalanmış müqavilə imkan verirdi ki, Amerika hərbi qüvvələri Omanın dəniz və hava limanlarından öz maraqları üçün istifadə etsinlər. Bundan savayı, Oman sultanı Kabus bin Səidi məhz SAS 1979-cu ildə atasına qarşı saray çevrilişi nəticəsində hakimiyyətə gətirmişdi. Həmin çevrilişin əsas təşəbbüskarı britaniyalı briqada generalı Tim London idi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Oman üzrə nümayəndəsi C.Şekli öz xatirələrində yazır ki, SAS yerli üsyançı hərəkatların hazırlanması və onların üzərində nəzarətin ələ alınmasında ən xırda detalları belə təhlil edirdi.

Sonralar isə KMX-nin adamları Küveyt, Bəhreyn, Sədiyyə Ərəbistanı, Qətər və Oman kimi ölkərdə geniş şəkildə fəaliyyətə başladılar. Fars körfəzinin bu dövlətlərinin hamısında Britaniya hələ də müstəmləkə dövründəki o böyük təsiri qoruyub saxlamağı bacarıb. Həmin ölkərin bir çoxu faktik olaraq bu gün də Britaniyanın müstəmləkəsi rolunu oynayırlar, hərçənd, amerikalılar 1970-ci ildən etibarən körfəzdə ingilisləri tədricən sıxışdırmağa başlayıblar. Qeyd etmək lazımdır ki, keçmiş ingilis zabitləri əvvəlki kimi yenə də Omanın, Qətərin, Bəhreynin və digər ərəb ölkərində həlledici hərbi postların əksəriyyətini tutur. Bu ölkələrin təhlükəsizlik orqanlarında SAS-ın istefada olan bir çox zabiti xidmət edir. Məsələn, Omanın Təhlükəsizlik Xidmətinin rəisini, Bəhreynin məxfi xidmət şefini, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və digərlərinin kəşfiyyat yetkililərini bu siyahıya əlavə edə bilərik.

Bu neft əmirliklərinin hamısını Britaniyanın dünyada həyata keçirdiyi gizli əməliyyatların mərkəzi adlandırırlar. Məsələn, Dubay bu günə qədər də Asiyaya qaçaqmalçılıqla daxil olan qızıl selinin əsas ötürücü məntəqəsidir. Küveyt isə hələ 1980-ci illərdən Əfqanıstan və Pakistandan gələn narkotiklərin istehsalı və satışından əldə olunan cirkli pulların yuyulduğu əsas mərkəz rolunu oynayır. Qızıl, silah və narkotikdən gələn qeyri-qanunu gəlirləri öz nəzarətində saxlamaq, bu biznes sahələrindən qazanmaq üçün Britaniya körfəz ölkələrində öz banklarının fiallarını yerləşdirib.



Özünün zəngin neft və maliyyə resurslarına baxmayaraq, Səudiyyə Ərəbistanı ABŞ və Britaniyanın güclü təsiri altındadır. ABŞ və Britaniyadan olan hərbiçilər Səudiyyə Ərəbistanının hərbi sisteminə, ordusuna nəzarəti həyata keçirir. Təxminən 1975-ci ildən bu yana Səudiyyə Ərəbistanında ordunun formalaşdırılmasında ABŞ-ın özəl kampaniyaları iştirak edirlər. Təəccüblü deyil ki, Səudiyyə Ərəbistanı MKİ və SAS-ın Əfqanıstanda həyata keçirdiyi məxfi əməliyyatlarda, xüsusilə əfqan müxalifət hərəkatının maliyyə ilə təmin olunmasında mühüm rol oynayıb.

Məsələn, ABŞ-ın seçmə hərbi qüvvələrindən (U.S Special Forces) keçmiş 1500 hərbiçi “Vinnell” şirkəti adı altında, illik 800 milyon dollarlıq müqavilə ilə Səudiyyə Ərəbistanı üçün xidmət göstərir. Bundan başqa, “BDM” şirkəti Səudiyyə Ərəbistanın ordusuna logistik, təlim, kəşfiyyat və digər hərbi məsələlər ətrafında tövsiyələr verir. “Cable and Wireless” şirkəti anti-terror təlimi keçir, “Booz-Allen Hamilton” hərbi akademiya, “SAIC” hərbi donanma, “O`Gara” isə kral ailəsinin təhlükəsizliyi məsələlərində cavabdehlik daşıyırlar. Ümumiyyətlə, Səudiyyə Ərəbistanının ordusu sadəcə səudiyyəlilərdən ibarət deyil, orada çoxlu muzdlu xidmət edir.

SAS-ın İraqda savaşaraq ölən üzvlərinin sayı bilinmir və gizli saxlanılır. 2015-ci ildə SAS-ın İŞİD-ə yardım etdiyi üzə çıxmışdı. Təqribən 120 nəfərdən ibarət qrupun ifşa olunması və İŞİD tərəfdən savaşarkən əsir düşməsi ilə bölgədə Britaniyanın oyunu bir daha üzə çıxdı. Britaniyanın Müdafiə Naziri Mixael Fallon SAS üzvlərinin deşifrə olunması ilə bağlı məcbur qalıb, izahatdan yayınmaq üçün təxminən belə bir açıqlama vermişdi: “Bizim gördüyümüz işlər və texniki müşahidəmiz digər ölkələləri Suriyadakı qarşıdurmadan xilas etmək üçündür”.



“Guardian” və “Sunday Express” qəzetləri yazırdı ki, İŞİD-ə terror metod və taktikaları öyrədərkən ələ keçirilmiş SAS üzlərinin üzərindən ABŞ istehsalı olan xüsusi hazırlanmış, hədəfləri rahat seçə bilən UAV kamera sistemləri də tapılıb.

SAS-ın Suriya ilə bağlı fəaliyyəti “Yeni Suriya Ordusu”nun yaradılmasında müşahidə olunmuşdu. Belə ki, 2015-ci ilin noyabr ayında meydana çıxan “Yeni Suriya Ordusu” ABŞ, İordaniya və Britaniyanın birgə məhsulu idi. Bəşər Əsəd rejimindən ayrılan hərbiçiləri bir araya yığan Britaniya, ABŞ və İordaniya onlara hərbi təlimlər keçməyə başladılar. Həmin ordunu ABŞ və İordaniya maliyyələşdirmiş, Britaniya SAS-ı isə sırf döyüş təlimləri keçmişdi. Bundan başqa, İordaniyada olan SAS hərbiçilərinin tez-tez Suriya ərazisinə keçərək Yeni Suriya Ordusuna hərbi dəstək verdiyi də məlum olub. Yeni Suriya Ordusu İordaniya istehsalı zirehli döyüş avtomobilləri ilə təmin olunub.

İordaniya kralı II Abdullah zəngin hərbi təcrübəyə malik və Britaniya silahlı qüvvələri ilə yaxın əlaqələri olan şəxs kimi tanınır. Britaniyanın Kral Hərbi Akademiyasında 1980-ci illərdə çalışıb. Kral II Abdullah 1999-cu ildə İordaniya taxt-tacına sahiblənib. Həmin tarixdən etibarən İordaniya ordusunda xüsusi elit qüvvələr formalaşdırmağı bacarıb. Britaniyanın gücünə arxalanan kral II Abdullah həmçinin İordaniyanı “Yaxın Şərqin paytaxtı” adlandırır.

Kral II Abullahın 2016-cı ildəki ABŞ səfəri və Konqresdəki görüşləri İordaniyadakı, eləcə də Liviyadakı ingilis qüvvələrinin, SAS-ın fəaliyyətinə bir qədər də işıq saldı. Belə ki, ABŞ Konqresində keçirdiyi görüşlərdən sonra mətbuata sızdırılan gizli bilgilərə görə, kral II Abullah SAS-ın lap əvvəldən Liviyadakı hadisələrin başında olduğunu etiraf etmişdi. O, həmçinin İordaniyada SAS-ın mövcud olmasına, Bəşər Əsədə qarşı Britaniya kəşfiyyatı ilə birlikdə suriyalılardan ibarət ordu yaratdıqlarına, eləcə də digər işlərə aydınlıq gətirmiş, bundan sonra da İordaniya xüsusi hərbi birliklərinin ingilislərlə birgə Liviyada gizli əməliyyatlarda iştirak edəcəyini açıqlamışdı.

Fərrux Həsənov
Azvision.az üçün


Teqlər: SAS   Kəşfiyyat   Xüsusi-xidmət   Tam-məxfi  





Xəbər lenti