“İnqilabi addımların atılması üçün 3,9 milyard manat ayrılacaq” - Nazir

  10 İyul 2019    Oxunub : 1214
 “İnqilabi addımların atılması üçün 3,9 milyard manat ayrılacaq” - Nazir
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Caspian European Club tərəfindən təşkil olunmuş CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Təşkilat Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

50-yə yaxın şirkətin 85 nümayəndəsinin iştirak etdiyi tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək münasibətləri, layiqli əməyin təminatı, məşğulluq sahələrində biznes strukturları ilə əməkdaşlığının fəallaşması ilə əlaqədar Caspian European Club-un üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında təşkil olunub.

Caspian European Club-ın sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyev ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində mühüm islahatların aparıldığını və bu islahatların Caspian European Club tərəfindən maraqla izlənildiyini deyib. O, CEO Lunch Baku-da fəxri qonağı - nazir Sahil Babayevi görüş iştirakçılarına təqdim edərək, bu görüşdə iştirakına görə nazirə təşəkkürünü ifadə edib.
Sonra “AsProf Group” şirkətlər qrupunun, “Mirzayev’s Partners” hüquq şirkətinin və Qala Siğorta şirkətinin təqdimatı olub.

Görüşdə çıxış edən S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkədə innovativ iqtisadiyyatın formalaşdırılması və sahibkarlığın inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, ölkədə aparılan siyasətin ana xəttini vətəndaş amili təşkil etdiyini, bunun bariz nümunəsi olaraq milli iqtisadiyyatın sosialyönümlü olduğunu, iqtisadi islahatlardan əldə olunan gəlirlərin vətəndaş rifahının təminatına istiqamətləndiyini vurğulayıb. Nazir cari ildə dövlət başçısının iki sosial paketinin nəticəsi olaraq, əhalinin rifahı naminə inqilabi addımlar atıldığını deyib. Minimum əmək haqqı məbləğinin iki dəfəyə yaxın artırılaraq 250 manata, minimum pensiyanın 72,4 faiz artırılaraq 200 manata çatdırıldığını, müavinət və təqaüdlərin 100 faizədək, həmçinin dövlət sektoru üzrə əmək haqlarının əhəmiyyətli dərəcədə artırıldığını qeyd edib. Bildirib ki, Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahiblənir. Cari ildəki iki mühüm sosial islahat paketi 4,2 milyon vətəndaşı əhatə etməklə, nəticə etibarilə ölkədə hər bir ailənin rifahına ciddi dəstəyi təmin etmiş olur. Həmin inqliabi addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat ayrılacaq.

Nazir vurğulayıb ki, minimum əmək haqqı artımı özəl sektora, bu sektorda işçi qüvvəsinin rəqabət qabiliyyətinin güclənməsinə, əmək bazarına müsbət təsirini göstərir, həmçinin əməyin leqallaşdırılması sahəsində önəmli rolunu oynayır. Minimum əmək haqqının artımı, eyni zamanda, qeyri-leqal məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi cari ilin 6 ayında bu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayının 7,3 faiz və ya 101,66 min müqavilə artmasına imkan verib.

S.Babayev əmək, məşğulluq, sosial təminat sahələrində aparılan islahatları, bu sahələrdə e-texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron pensiya təyinatına başlanılması, əhaliyə proaktiv xidmətlərin göstərilməsi istiqamətində görülən işləri qeyd edib. O, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi, cari ilin may ayında açılışı olan DOST Agentliyi və artıq 15 mindən çox şəxsin “bir pəncərə” prinsipi ilə şəffaf xidmətlərindən faydalandığı 1 saylı DOST mərkəzi barədə məlumat verib. Nazir “e-sosial” internet portalından, Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindəki altsistemlərdən, o cümlədən, işəgötürənlər üçün də mühüm önəm kəsb edən “Məşğulluq” alt-sistemindən bəhs edib. Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanı ilə nazirliyin tabeliyində yaradılmasına başlanan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mütərəqqi dünya təcrübəsi əsasında təkmil monitorinq və proqnozlaşdırma sisteminin formalaşmasına imkan verəcəyini diqqətə çatdırıb. Özünüməşğulluq proqramının genişləndirilməsi sahəsində görülən işləri, sosial tərəfdaşlardan ibarət Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətini, sosial dialoqun gücləndirilməsi yönündə aparılan işləri, işsiz şəxslərin əməkhaqlarının subsidiyalaşdırılması proqramını qeyd edib.

Ölkəmizdə aparılan sosial islahatlara beynəlxalq səviyyədə də yüksək dəyər verildiyini vurğulayan S.Babayev bildirib ki, Azərbaycanın sosial yardım və əlilliyin qiymətləndirilməsi üzrə e-sistemləri, ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər, icra olunan özünüməşğulluq proqramı Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatları, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi isə Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatı ilə təltif edilib.

Nazir müvafiq fəaliyyət sahələrində aparılan islahatlarda, xüsusən qeyri-rəsmi məşğulluğun qarşısının alınması, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı, iş yerlərində əmək qanunvericiliyinin tətbiqi, işçi hüquqlarının təminatı sahələrində görülən işlərdə sahibkarlarla, biznes strukturları ilə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulaylıb.

S.Babayev Caspian European Club-un üzv şirkətlərinin suallarını da cavablandırıb. Görüşdə qeyri-rəsmi şəraitdə biznes nümayəndələrini maraqlandıran müxtəlif mövzular müzakirə olunub. Görüşdə S.Babayevə Fəxri Klub üzvlüyü sertifikatı təqdim edilib. Həmçinin Caspian European Club-a yeni üzv olan şirkətlərə və üzvlüyünü davam etdirən şirkətlərə Klub üzvlüyü sertifikatları təqdim edilib.

Azvision.az

Teqlər: ƏƏSMN