"İnsan amili həyata keçirilən siyasətin ana axarında yer alır" - Novruz Məmmədov

 "İnsan amili həyata keçirilən siyasətin ana axarında yer alır" -  Novruz Məmmədov
  11 İyul 2019    Oxunub:3274
2018-ci ilin 11 aprel seçkilərində xalqın böyük dəstəyi ilə Azərbaycana rəhbərlik kimi məsuliyyətli missiyanı növbəti mərhələdə də üzərinə götürmüş cənab İlham Əliyev ona göstərilən etimadı fəaliyyəti ilə hər zaman doğruldur, Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün əzmlə, qətiyyətlə çalışır.
Azvision.az xəbər verir ki, bunu Baş Nazir Novruz Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqalə sində qeyd edib.

N.Məmmədov bildirib: "Təkcə onu demək kifayətdir ki, respublikamız son prezident seçkilərindən sonra daha da güclənmiş, zənginləşmiş, hərtərəfli inkişaf yolunda yeni uğurlara imza atmış, insan amili həyata keçirilən siyasətin ana axarında yer alıb. Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən cənab İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və bunu bütün məmurların qarşısında zəruri tələb kimi qoyur. Fəaliyyətində xalqına güvənən, arxalanan dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur. "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı” deyən ölkə başçısı idarəçilikdə, fəaliyyətdə, düşüncədə yenilik və sivil dəyərlərin tətbiqini zəruri sayır".

Baş nazir vurğulayıb ki, dövlət başçısının gerçəkləşdirdiyi uğurlu diplomatiya son 15 ildə Azərbaycanın bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin edib: "Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması, üç süni peykin orbitə buraxılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirib. İlham Əliyevin diplomatik səyləri nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də uğurla gerçəkləşmiş, respublikamızın Şərqlə Qərb arasında tranzit-kommunikasiya imkanları genişlənib. Xatırlatmaq yerinə düşər ki, 2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi”nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi olmuş, bu layihələrin icrası Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətini artırıb. Eyni zamanda 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolunun istifadəyə verilməsi mühüm hadisələrdən olub".

N.Məmmədov qeyd edib ki, səmərəli idarəetmə sistemi xalqın mənafeyinə cavab verən strateji əhəmiyyətli qərarların qəbulu ilə yanaşı, konkret zamanda həyata keçirilmiş tədbirlər sistemi ilə bağlı müntəzəm olaraq ictimaiyyətin məlumatlandırılmasını da zəruri tələb kimi önə çıxarır: "Səmərəli və şəffaf idarəçiliyi hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş Azərbaycan Prezidenti cənab İlham Əliyevin idarəçilik konsepsiyasında da bu mütərəqqi prinsip daim önə çəkilir. Dövlət başçısı ötən 15 ildə ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirərək, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Bu cür hesabatlar konkret dövrdə əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, qazanılmış uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında obyektiv müzakirələrin aparılması, bu problemlərin həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilib. İdarəçiliyin asanlaşdırılması və bu zaman vətəndaş məmnunluğunun təmin edilməsi də strateji xətt olaraq diqqət mərkəzindədir. Prezident 2018-ci ilin avqust ayında əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlərin göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyini (DOST) yaradıb. Ümumilikdə, "ASAN xidmət”, "ASAN kommunal” və "DOST” kimi modern xidmət mərkəzlərinin yaradılması Azərbaycanda müasir idarəetmə sisteminin mahiyyətini, fəlsəfəsini açır".

Azvision.az


Teqlər: Novruz-Məmmədov   Məqalə  





Xəbər lenti