ATƏT PA: İşğal olunmuş ərazilərin sakinlərinin hüquqları bərpa olunmalıdır

  11 İyul 2019    Oxunub : 1183
 ATƏT PA: İşğal olunmuş ərazilərin sakinlərinin hüquqları bərpa olunmalıdır
Tahir Mirkişili
ATƏT Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavini
ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyası “Təlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu. Parlament Assambleyasının Demokratiya,İnsan Hüquqları və Humanitar məsələlər komitəsində ATƏT regionunda mövcud konflikt və ziddiyyətlərin davam etdiyi bir şəraitdə insan hüquqlarının qorunması vəziyyəti və iştirakçı ölkələrə çağırışlar müzakirə olunmuşdur. Komitənin 102 paraqrafdan ibarət olan qətnamə layihəsində ATƏT regionunda insan hüquqları ilə bağlı mövcud vəziyyətin daha da yaxşılaşdırılması üçün çağırışlar öz əksini tapmışdır.

Qətnamə layihəsində Azərbaycan üçün əsas maraq kəsb edən məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların humanitar sferada pozulmuş hüquqlarının, Ermənistan-Azərbaycan sərhədyanı bölgələrdə yaşayan insanların isə təhlükəsiz yaşamaq hüquqlalarının qorunmasının və bərpa edilməsinin vacibliyinin Yekun Deklarasiyada öz əksini tapması idi. Qətnamə layihəsində konflikt zonalarında və işğal edilmiş ərazilərdə insanların humanitar sferada əsas azadlıq və hüquqlarının qorunması öz əksini tapsa da, mövcud yanaşma Azərbaycanı tam qane etmirdi. Çünki bu yanaşma Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində münaqişə zonalarında yaşayan insanlarla yanaşı, münqaişə nəticəsində əraziləri tərk etmiş qaçqın və məcburi köçkünlərin humanitar hüquqlarının qorunması və bərpa edilməsini əhatə etmirdi. Azərbaycan nümayəndə heyətinin (Müəllif: Bahar Muradova) qətnamə layihəsinə müvafiq təklifi artıq qeydiyyata alınmışdı və əvvəlcədən də dəyişiklik ətrafında müzakirələrən gedəcəyi gözlənilirdi. Təklifin əsas mahiyyəti münaqişə zonalarında və işğal olunmuş ərazilərdə insanların humanitar hüquqlarının qorunması ilə yanaşı, münaqişənin və ərazilərin işğal olunması nəticəsində insanların humanitar sahədə pozulmuş hüquqlarının qorunmasından ibarət idi. Dəyişikliyin əhəmiyyəti əsasən 5 iqtiqamətdə idi:

1. Ermənistanın işğal etidiyi Dağlıq Qarabağ və ətraf rayonlarda etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar yaşamır. Humanitar sahədə insan hüquqlarının qorunmasının universial olması Azəbaycanın əsas mövqeyidir və bu mövqe beynəlxalq normalara əsaslanır. Dəyişiklik Azərbaycanın bütün vətəndaşlarının, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının, işğal olunmuş rayonların qaçqın və məcburi köçkün əhalisinin humanitar sahədə pozulmuş hüquqlarının qorunmasını əhatə edirdi.

2. Ermənistan-Azərbaycan münqaşəsi Dağlıq Qarabağ ətrafından başqa Azərbaycanın digər bölgələrində də insanların təhlükəsiz yaşamaq kimi humanitar hüquqlarının pozulmasına səbəb olub. Bu mənada təklif edilən dəyişiklik onların da humanitar sahədə hüquqlarının qorunmasını, yəni işğalçı Ermənistanın siyasətinin qəbul olunmazlığını əhatə edirdi.

3. Dəyişiklikdə münaqişə zonası ilə yanaşı “ərazilərin işğal olunması” terminin öz əksini tapması Azərbaycan ərazilərinin işğal olunması faktını bir daha vurğulayırdı

4. Ərazilərin işğal olunması nəticəsində humanitar sahədə hüquqları pozulmuş insanların hüquqlarının qorunmas və bərpa edilməsi – onların daimi yaşadıqları ərazilərə geri dönməsi anlamına gəlir ki, bu da işğala son qoyulmasına çağırış demək idi.

5. Qətnamə layihəsində beynəlxalq hüquq normalarını pozaraq digər ölkələrin ərazilərini işğal edən, ordakı şəhələri xarabalıqlara çevirən ölkələrlə təcili surətdə işğal olunmuş ərazilərin qanuni sakinlərinin hüquqlarının bərpa olunmasına çağırış da öz əksini tapmışdı.
Komitədə müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin sayının çox olması və qətnamə layihəsinin müəllifinin də Azərbaycanın mövqeyini dəstəkləməsi dəyişikliyi əleyhinə çıxan Ermənistan nümayəndə heyətini geri çəkilməyə məcbur etdi. Və beləliklə Azəbaycanın təklif etdiyi dəyişiklik qətnamə layihəsinə yekdilliklə qəbul edildi və ATƏT PA-nın Yekun Deklarasiyasında öz əksini tapdı.

Azvision.az

Teqlər: ATƏT   Deputat