5 idmançı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb

   5 idmançı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb
  11 İyul 2019    Oxunub:1249
Atlet Azər Əhmədov, cüdoçular Rüfət İsmayılovla Aliyə Müslümova, ağırlıqqaldıran Orxan Zeynalov və velosipedçi Kirill Pozdnyakov diskvalifikasiyaya məruz qalıb.
Azvision.az Azərbaycan Milli Antidopinq Agentliyinin saytına istinadən xəbər verir ki, A.Əhmədovdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində metandienon metaboliti və mestanolon metaboliti tapılıb. O, bu səbəbdən 18 ay cəzalandırılıb. A. Əhmədovun diskvalifikasiya müddətinin artıq bitdiyi də qeyd edilib. 2017-ci il noyabrın 23-dən cəzası hesablanan atletə bu il mayın 23-də yarışlarda iştirak icazəsi verilib.

R. İsmayılovun da cəzası eyni vaxtda bitib. 1 illik diskvalifikasiyaya məruz qalan cüdoçuda metilstenbolon üzə çıxıbmış. Digər cüdoçu A. Müslümova isə cəzasını 2021-ci il aprelin 11-də başa vuracaq. Bu ilin 11 aprelində orqanizmində furosemid tapılan idmançı 24 ay tatamidən uzaq qalacaq.

Ən uzunmüddətli cəza ağırlıqqaldıran O. Zeynalova tətbiq edilib. O, müxtəlif endogen AAS (IRMS) və klenbuteroldan istifadədə günahlandırılaraq, 48 aylıq diskvalifikasiya olunub. İdmançının cəza müddəti 2023-cü il martın 7-də yekunlaşacaq.

Velosipedçi K. Pozdnyakov 2021-ci ilin yanvarın 2-dən sonra karyerasını bərpa edə bilər. 24 aylıq cəzalanan idmançının metilfenidat metabolitindən istifadədə günahlandırılır. Sanksiyanın son 6 ayına sınaq müddəti kimi qərar verilib.

Qeyd edək ki, AMADA daha öncə 44 idmançımıza cəza tətbiq edib.

Azvision.az


Teqlər: İdmançı   Dopinq   AMADA  





Xəbər lenti