Nazirlikdən bahalaşma xəbərinə reaksiya

 Nazirlikdən bahalaşma xəbərinə  reaksiya
  12 İyul 2019    Oxunub:3483
Kənd Təsərrüfatı Nazirliyi bir sıra meyvə və tərəvəzin daxili bazarda baha olmasının səbəblərini açıqlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Azvision.az -a açıqlamasında bildirib ki, gilas ötən illə müqayisədə məhsuldarlığı yüksək olub və nəticədə ixrac da artıb:

"Məhsuldarlıq yüksək olsa da, keyfiyyətli məhsul azdır. Bu isə məhsulun çiçəklənmə dövründə yağıntıların çox olması ilə əlaqədardır. Keyfiyyətli məhsul daha çox xaricə ixrac olunduğu üçün daxili bazarda tələbat təklifi üstələyir. Fermer isə daha çox gəlir əldə etmək üçün məhsulunu xaricə çıxarmağa üstünlük verir".

Vüqar Hüseynov bu il ölkədə kənd təsərrüfatı məhsulları üzrə məhsuldarlığın yüksək olduğunu qeyd edib: "Ölkədə meyvə bağlarının sayı artırılır və bu istiqamətdə mütəmadi olaraq işlər görülür. Soğanın qiymətində isə yüksəliş və enişlər müşahidə olunub. Türkiyədə soğana təlabatın artması və qiymətin yüksək olması ilə əlaqədar bizim məhsullar ixrac olunub. Nəticədə fermer bu il soğan ixracından daha çox gəlir əldə edib və qazanclı olub.

Bundan əlavə, may ayında çıxan soğan tez xarab olur. Ona görə soğanın qiymətində eniş olsa da, sonradan qiymət artımı müşahidə edildi. Hazırda Ağdamda Ergi düzündə soğanın yığılması paytaxtda məhsulun qiymətinin aşağı düşməsinə səbəb olur. Apardığımız müşahidələr, fermerlərin dedikləri göstərir ki, yaxın zamanda soğanın qiymətində ucuzlaşma olacaq".

Nazirliyin sözçüsü pomidorun qiymətinin artması səbəblərini də açıqlayıb: " İndiyə qədər bazara çıxarılan pomidor istixana pomidoru idi, açıq sahə pomidoru az idi. Artıq Xaçmaz və Şəmkirdə açıq sahə pomidorunun yığımına başlanılıb. Yığım kütləvi xarakter aldıqca qiymətlərə də təsir göstərəcək. Pomidorun ixrac potensialı yüksək olduğu üçün bu da daxili bazarda qiymətlərə təsir göstərir. Bu da məhsulun bolluğundan asılıdır. Hazırda pomidorun bazarda müşahidə edilən qiymət fərqi o qədər də yüksək deyil. Açıq sahə pomidorunun gec yığılmasının ilk səbəbi şitillərin 10 gün gec sahələrə köçürülməsidir. Buna görə də açıq sahələrdən pomidorun yığımı 10 gün gecikir".

Aytən Zəhra
Azvision.az



Teqlər: KTN   Ərzaq  





Xəbər lenti