Dini maarifçiliyin təşkilində qadınların yeri
Daha sonra Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova "Dini maarifçilik işində qadınlar" adlı təqdimatla çıxış edib. Şöbə müdiri dini maarifçiliyin təşkili, onun əhəmiyyəti və bu işdə qadınların rolu haqqında geniş məlumat verib. O, ölkəmizdə dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda keçirilən silsilə tədbirlərin önəmindən danışıb. Elnarə Kərimova vurğulayıb ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması daim diqqət mərkəzindədir. Şöbə müdirinin sözlərinə görə, müxtəlif dinlərin yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrıseçkilik faktı qeydə alınmayıb.
Tədbir iştirakçılarına sosial şəbəkələrdə radikal dini qrupların apardığı dini təbliğatın məqsədi, metodları barədə ətraflı məlumat verən Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva dini radikalizmin ən geniş yayılmış təbliğat platformasının məhz sosial şəbəkələr olduğunu bildirib. Vurğulayıb ki, dini radikal qruplar bütün vasitələrdən istifadə edərək öz zərərli fikirlərini yaymaq, cəmiyyətdə insanlar arasında dini və məzhəb ayrı-seçkiliyi yaratmağa cəhd edirlər. Yaqut Əliyeva sosial şəbəkələrdə məzhəblərarası və konfessiyalararası münasibətlərə ciddi zərbə vuracaq təhrikedici materialların sayının gündən-günə artdığını qeyd edib. Şöbə müdiri deyib ki, bu risklərdən qorunmaq üçün məktəblilərin, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə ciddi nəzarət edilməlidir.
O, dini maarifləndirmə işinin əhəmiyyəti və bu prosesdə qadınların rolunun vacibliyi barədə də məlumat verib. DQİDK-nın əməkdaşı Aysel Abdullayeva cəmiyyətimiz üçün ciddi təhdid olan xurafata zəmin yaradan amillər və onun səbəb olduğu fəsadlar mövzusunda təqdimatla çıxış edib. Xurafatla mübarizədə təhsilin əsas vasitə olduğunu bildirən A.Abdullayeva bu istiqamətdə dini maarifləndirmə işinin önəmini vurğulayıb, Azərbaycanın maarifçi qadınlarından, onların fəaliyyətlərindən söhbət açıb. İkigünlük regional konfrans müzakirələrlə öz işini yekunlaşdırıb.
Azvision.az