Bugünkü hərracda 27 dövlət əmlakı özəlləşdirilib

Bugünkü hərracda 27 dövlət əmlakı özəlləşdirilib
  23 İyul 2019    Oxunub:2169
İyulun 23-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, dövlət əmlaklarının özəlləşdirməsinə qoşulmaq üçün sifarişlərin elektron formada verilməsi, məkana getmədən onlayn iştirak investorların rahatlıqla hərrac xidmətlərindən istifadəsini təmin edir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq olunan sürətli və əlçatan prosedurlar, o cümlədən hərraca çıxarılan dövlət əmlaklarının müxtəlifliyi iştirakçı sayını artırır, prosesdə rəqabətli mühit yaradır. İştirakçı statusu olanlarla yanaşı, digər şəxslər də açıq özəlləşdirmə prosesini həm hərrac keçirilən məkanda, həm də onlayn formada qeydiyyatdan keçmədən izləyə bilir.

Bugünkü hərracda 27 dövlət əmlakı özəlləşdirilib. Onlar arasında səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri var. Dövlət əmlakları paytaxtla yanaşı, Yevlax, Astara, İsmayıllı, Hacıqabul, Quba və Cəlilabad rayonlarında yerləşir. Hərracda yun tədarükü, emalı, yun sapların hazırlanması və əyrilməsi üzrə fəaliyyət göstərən “Yevlax Yun” Açıq Səhmdar Cəmiyyətinin səhm paketi özəlləşdirilib. 403,3 min kvadratmetr torpaq sahəsi olan dövlət əmlakının ərazisində inzibati bina, baş istehsalat korpusu, keçə sexi və digər köməkçi bina və qurğular mövcuddur.

Özəlləşən kiçik dövlət müəssisələrindən biri isə Astara şəhəri, Azərbaycan küçəsindəki “Azərbaycan” kinoteatrıdır. Faydalı sahəsi 442,6 kvadratmetr olan dövlət obyektinin xidmət sahəsi üzrə gəlirli fəaliyyət imkanları var. Dövlət əmlakının birlikdə özəlləşdirildiyi torpaq sahəsi 2,5 min kvadratmetrdir. Digər kiçik dövlət obyekti isə Cəlilabad rayonu, Əliqasımlı kəndində yerləşir. İnvestor bu dövlət əmlakını 22,3 min kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirib.

Budəfəki hərracda nəqliyyat vasitələrinin əksəriyyəti rəqabətli mühitdə özəlləşdirilib. “Fiat”, “Hyundai”, “Daewoo”, “UAZ” və digər markalara aid bu avtomobillərin buraxılış illəri 1995-2008-ci ildir. Buraxılış tarixi 2000-ci il olan “Hyundai Sonata” markalı avomobilin ilkin qiyməti 3 min manat olsa da, iştirakçılar arasında rəqabət son qiyməti 3 min 800 manata yüksəldib.

Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 30-da növbəti hərrac keçirəcək. İştirak etmək istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə dövlət əmlakları üzrə seçim və sifariş edə bilərlər.

Azvision.az


Teqlər: Əmlak   Komitə  





Xəbər lenti