“Ərəb turistlərə pendiri 20, qarpızı 40 manata satırlar”

  24 İyul 2019    Oxunub : 13056
“Ərəb turistlərə pendiri 20, qarpızı 40 manata satırlar”
Azərbaycanda turizmin inkişafı üçün bir sıra addımlar atılır. Məsələn, dövlət proqramı qəbul edilir, bəzi ölkələrdə nümayəndəliklər açılır, təbliğat aparılır. Bütün bunlar ölkəyə daha çox turistin cəlb edilməsinə hesablanıb. Son illər bu sahədə görülən işlər öz bəhrəsini verməkdədir.
Belə ki, Azərbaycana ərəb ölkələrindən, Rusiya və Asiya ölkələrindən gələn turistlərin sayında artım müşahidə edilir. Lakin turistlərə xidmət baxımından bir sıra problemlər hələ də mövcuddur. İaşə obyektlərində turistlərə, əsasən ərəb qonaqlara xidmətlər daha yüksək qiymətlərlə təklif olunur. Bu isə əksər hallarda narazılıq yaradır.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov Azvision.az -a bildirib ki, belə hadisələr daha çox Bakıdan kənarda, bölgələrdə yaşanır:



“Qiyməti öncədən soruşmadan bron edəndə, ərəb turistə pendiri 20 manatdan, qapırızı 40 manatdan satırlar. Belə hadisələri mən də görmüşəm. Təəssüflər olsun ki, belə hadisələr ölkənin turizm imicinə xələl gətirən amillərdəndir. Bununla bağlı ölkədə qanunvericilik yoxdur. Biz tərəfdən dövlət qurumlarına müraciət olunmuşdu və cavab gədi ki, dövlət sahibkarın fəaliyyətini tənzimləmir və müdaxilə edə bilməz. Bununla bağlı qanunda tənzimləyici mexanizm yoxdur. Hər bir vətəndaş hansısa restoranda oxşar hadisəni yaşasa, ikinci dəfə ora getməyəcək. Xarici vətəndaşda restorandan əlavə, Azərbaycan haqqında mənfi fikir yaranır və bunu öz ölkəsində, qohumları, yaxınları ilə paylaşır".



AzTA sədri qeyd edib ki, bu cür hallarda dövlət, xalq və sahibkar zərər görür.

“Ölkəyə turist axını başlanandan bu problem mövcuddur. İaşə oyektləri təəssüflər olsun ki, gələcəyi fikirləşmirlər. Turizm elə sahədir ki, bundan təkcə turizm şirkətləri, sahibkarlar deyil, bütün seqmentlər yararlanır. Ərəb turistlər ölkəmiz üçün çox önəmlidir. Ərəb turist yalnız Bakıda qalmağa üstünlük vermir, Quba-Qusar, Qəbələ, Şəki-Zaqatala, Gəncəbasar zonasına gedir və orada yaşayan əhali də turizmdən yararlanır. Bunu qoruyub saxlamalıyıq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: AzTA   Ərəb   Turist