“Jara” üçün 40 avtobus ayrıldı

  25 İyul 2019    Oxunub : 1024
“Jara” üçün 40 avtobus ayrıldı
Bakı Nəqliyyat Agentliyi (BNA) Sosial Məsuliyyət Layihələri çərçivəsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin daha rahat və təhlükəsiz təşkili, eyni zamanda əhalinin, şəhərimizə gələn qonaqların tədbir keçiriləcəyi məkana gedərkən müxtəlif nəqliyyat vasitələrindən istifadə etməmələri üçün bir sıra tədbirlərə dəstəyini davam etdirir.
BNA-dan Azvision.az -a verilən məlumata görə, bu çərçivədə iyulun 25-dən 28-dək keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalına bilet alan tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil ediləcək.

Marşrut xətti üzrə avtobuslar Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsindən) - Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzinə hərəkət edəcəklər. Daşımalara ümumilikdə 40 avtobusun cəlb edilməsi nəzərdə tutulub.

Ekspres xətt üzrə avtobuslar saat 15:45-dən fəaliyyət göstərəcək, eyni zamanda tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək.

Azvision.az

Teqlər: BNA   Avtobus   Jara