Dini komitədə kollegiya iclası - 6 ayın hesabatı verildi

  26 İyul 2019    Oxunub : 1550
Dini komitədə kollegiya iclası - 6 ayın hesabatı verildi
İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2019-cu ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, iclasda kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda iqtisadi gücü ilə fərqləndiyi kimi, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində də ciddi uğurlara imza atdığını deyib. Komitə sədri qeyd edib ki, bu gün dövlət və dini icmalar arasında münasibətlər yüksək səviyyədə qurulur, qarşılıqlı əlaqələr qanun çərçivəsində inkişaf etdirilir, maarifləndirmə işi geniş miqyasda aparılır, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri davam etdirilir. Bundan başqa, dövlət dini icmalara göstərdiyi qayğını gündən-günə artırır.

Hesabat dövrü ərzində dini sahədə bir sıra məsələlərin müsbət həllinə nail olunduğunu bildirən Dövlət Komitəsinin sədri dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, cəmiyyətin maarifləndirilməsi, Azərbaycanın tolerantlıq ənənələrinin təbliği və təşviqi, dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinin dəstəklənməsi, radikal cərəyan və təriqətlərin qanunazidd əməllərinin aşkarlanması ilə bağlı tədbirlər görüldüyünü deyib. Dindən sui-istifadə hallarının qarşısının alınması, din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılması istiqamətində qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2019-cu ilin yanvar-iyun aylarındakı fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumat verərək bildirib ki, 2019-cu ilin ilk 6 ayı ərzində dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilərək ümumi sayı 940-a çatıb. İcmalardan 907-i İslam, 33-ü qeyri-islam təmayüllüdür. Hesabat dövründə, ümumilikdə 32 dini icma (31-i İslam, 1-i qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alınıb.

Komitə sədrinin müavini vurğulayıb ki, Dövlət Komitəsi tərəfindən hesabat dövründə radikal, qeyri-ənənəvi və milli kimliyimizə zidd təbliğat aparan dini təriqətlərin təlimlərini yaymaq, tərəfdarlarını artırmaq, dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir etmək məqsədilə dini ədəbiyyatın ölkəyə idxalına, çapına və yayılmasına xüsusi önəm verdiklərini nəzərə alaraq, bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilib, ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın xaricdən ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə müvafiq işlər görülüb və ümumilikdə idxalla bağlı 2019-cu ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1452 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 104 adda dini ədəbiyyata baxılaraq, onlardan 6-sının çapı məqsədəuyğun sayılmayıb.

Cari ilin müvafiq dövrü ərzində Dövlət Komitəsi tərəfindən ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, eyni zamanda, Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə ayrıca və digər qurumlarla birgə ümumilikdə 250-ə yaxın maarifləndirici tədbir həyata keçirilib. 20 mindən artıq insanın iştirak etdiyi bu tədbirlərin təşkilində mərkəzi və yerli icra hakimiyyəti orqanları, Silahlı Qüvvələr, eləcə də hüquq mühafizə orqanları, təhsil müəssisələri, gənclər təşkilatları, dini qurumlar və QHT-lərlə yaxından əməkdaşlıq edilib. Qeyd olunan qurumlarla yanaşı, Dövlət Komitəsi ötən illərin təcrübəsinin davamı olaraq, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, QMİ, Yeni Azərbaycan Partiyası (YAP), YAP Gənclər Birliyi ilə əməkdaşlığı davam etdirib.

Ramazan ayının yekunlarına dair hesabatla çıxış edən Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə Ramazan ayı ilə bağlı təşkil edilən tədbirlərdən, Komitənin keçirdiyi monitorinqlərdən danışıb. O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hər il olduğu kimi, bu il də Ramazan ayı boyunca respublikada dini durum nəzarətdə saxlanılıb, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlər keçirilib, eləcə də dini maarifləndirmə sahəsində silsilə görüş və konfranslar təşkil edilib. Ramazan ayı ərzində Dövlət Komitəsinin Mərkəzi Aparatına yerlərdən daxil olmuş məlumatlar ümumiləşdirilərək təhlil olunub, respublikada ümumi dini durumun qiymətləndirilməsi aparılıb. C.Əlifzadə bildirib ki, ümumən Ramazan ayı yüksək səviyyədə keçib, ay boyu müvafiq tədbirlərin təşkili üçün dini icmalara dövlət tərəfindən lazımi qayğı və dəstək göstərilib.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov İnstitutun 2019-cu ilin birinci yarımili üzrə fəaliyyəti barədə məruzə ilə çıxış edib. O bildirib ki, hesabat dövrü ərzində müvafiq iş planına əsasən tədrisin təşkili, elmi və dövri nəşrlər, elmi konfrans, simpozium və dəyirmi masalar, respublika əhəmiyyətli mühüm günlərə dair tədbirlər, marifləndirmə işi, mətbuatla əlaqələr kimi bir çox sahəni əhatə edən işlər görülüb. O bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu 2018/2019-cu tədris ilində fəaliyyətə başlayıb və ilk tələbə qəbulunu bu ildə həyata keçirib. Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişsiz əsaslarla III qrup üzrə iki istiqamətdə - İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilib və ötən tədris ilində dövlət sifarişi əsasında qəbul üzrə ayrılmış plan yerləri tam dolub. İslamşünaslıq ixtisası üzrə 35, Dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla, ümumilikdə, 60 abituriyent tələbə sıralarına qəbul edilib. Hazırda İnstitutda ümumilikdə 109 tələbə təhsil alır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 6 nömrəli qərarı ilə İnstituta 2020/2021-ci il üzrə doktoranturaya qəbul başlanılıb. Rektor, həmçinin hesabat dövrü ərzində İnstitutda ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə müxtəlif mövzularda elmi seminarlar, görüşlər, dəyirmi masalar, konfransların təşkil olunduğunu, İnstitutun tanıdılması məqsədilə bölgələrə səfərlər təşkil edildiyini, tələbələrin təhsillə bərabər, sosialyönümlü layihələrə, maarifləndirmə tədbirlərinə də cəlb olunduqlarını deyib. C.Məmmədov vurğulayıb ki, bu ilin 6 ayı ərzində Aİİ öz fəaliyyətində xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılmasına xüsusi önəm verib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Azərbaycanda mövcud olan ideal dövlət-din modelinin, eyni zamanda, multikulturalizm siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq, bu uzaqgörən siyasətin uğurla həyata keçirilməsinin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyib. O, ölkədə dini durumla bağlı sabitliyin qorunub-saxlanılması və dini icmalar arasında mövcud tolerantlıq mühitinə kölgə salmağa çalışan mənfi təzahürlərin aradan qaldırılması istiqamətində Dövlət Komitəsi və onun tabeliyində fəaliyyət göstərən qurumlar tərəfindən görülən işləri, xüsusilə respublikanı əhatə edən genişmiqyaslı maarifçilik fəaliyyətini, eləcə də beynəlxalq səviyyəli tədbirlərin təşkilatçılığını yüksək qiymətləndirib.

E.Nəcəfov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsinin müsbət nəticələrindən danışıb. Bildirib ki, 2019-2020-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin ixtisasları üçün məcburi tədris olunacaq “Multikulturalizmə giriş” fənni üzrə dərslik artıq yekunlaşmaq üzrədir. Dərslikdə multikulturalizmlə yanaşı, dini müxtəliflik məsələlərinə də geniş yer verilib. Bu dərslik məhz birgə sıx əməkdaşlığın nəticəsində ərsəyə gəlib və cari ilin sentyabr ayında fənni tədris edəcək müəllimlər üçün treninqin təşkili istiqamətində də BBMM ilə MDTF arasında birgə fəaliyyət həyata keçirilməkdədir.

E.Nəcəfov, eyni zamanda, dini-mənəvi dəyərlərin qorunması və inkişafı məqsədilə təbliğatın gücləndirilməsi, dini icmaların fəaliyyətinin dəstəklənməsi, eləcə də bölgədə şöbələrin fəaliyyətinin genişləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Hesabat yığıncağında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş Dövlət Komitəsinin 7 əməkdaşına medallar təqdim edilib.

Azvision.az

Teqlər: Komitə   Kollegiya   İclas