Bakıda lombarda basqın edilib - FOTO

 Bakıda lombarda basqın edilib -  FOTO
  02 Avqust 2019    Oxunub:1878
Bakıda lombarda basqın edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai rayonu ərazisində yerləşən lombardlardan birində işləyən qadına qarşı quldurluq edilib. Hadisə zamanı zərərçəkənin baş nahiyyəsinə xəsarət yetirən naməlum şəxslər quldurluq yolu ilə pul və qızıl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı məlumat daxil olan kimi Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxslər – Ağcabədi rayon sakini Nəbi Əhmədov və Füzuli rayon sakini əvvəllər məhkum olunmuş Ceyhun Əliyev tutularaq istintaqa təqdim ediliblər.



Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Onlar lombarda daxil olan zaman özlərini su idarəsinin əməkdaşları kimi təqdim etdiklərini bildiriblər.Qeyd edək ki, hadisə zamanı N.Əhmədov və C.Əliyev lombardın müşahidə kamerasının yaddaş blokunu da çıxararaq özləri ilə aparıblar.



Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Lombard   Basqın  





Xəbər lenti