Prezident yeni səfirləri qəbul edib - FOTO (Yenilənib)

Prezident yeni səfirləri qəbul edib -  FOTO (Yenilənib)
  02 Avqust 2019    Oxunub:2854
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 2-də Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasim Məhəmməd Salim Al Salhinin etimadnaməsini qəbul edib.
Azvision.az xəbər verir ki, səfir Qasim Məhəmməd Salim Al Salhi fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Qasim Məhəmməd Salim Al Salhi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu, siyasi əlaqələrin məmnunluq doğurduğunu bildirərək təmasların daha da fəallaşdırılmasının və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev biznes dairələri arasında əlaqələrin qurulmasının önəmini vurğuladı.



Səfir Qasim Məhəmməd Salim Al Salhi, ilk növbədə, Oman Sultanı Qabus bin Said Al Saidin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edərək səfir kimi fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Oman Sultanı Qabus bin Said Al Saidin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Oman Sultanına çatdırmağı xahiş etdi.

Söhbət zamanı təhsil sahəsində əməkdaşlıq, o cümlədən universitetlərarası əlaqələr məsələlərinə də toxunuldu.



Bu gün Prezident İlham Əliyev, həmçinin Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sivienqpxet Pxetvorasakın etimadnaməsini qəbul edib.

Səfir Sivienqpxet Pxetvorasak fəxri qarovul dəstəsinin qarşısından keçdi. Sivienqpxet Pxetvorasak etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı əlaqələrimizin daha da genişləndirilməsi və əməkdaşlıq üçün konkret sahələrin müəyyənləşdirilməsinin önəmini vurğuladı. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev bu səfərlər zamanı əlaqələrimizin daha da inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını dedi.



Səfir Sivienqpxet Pxetvorasak Laos rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı. Sivienqpxet Pxetvorasak əlaqələrimizin inkişafına Azərbaycan tərəfinin verdiyi dəstəyi Laos hökuməti və xalqının yüksək qiymətləndirdiklərini dedi. Sivienqpxet Pxetvorasak öz növbəsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına töhfə verdiyini qeyd etdi. Səfir ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini dedi və yaxşı ənənələrə əsaslanan əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əmin olduğunu bildirdi.

Dövlətimizin başçısı Laos rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Laos rəhbərliyinə çatdırmağı xahiş etdi.



Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, ticarət, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti