“Ağ ölüm”ün qiyməti - Bir kiloqramı 20 min dollar

 “Ağ ölüm”ün qiyməti  - Bir kiloqramı 20 min dollar
  03 Avqust 2019    Oxunub:7385
Bir illik narkosənaye dövriyyəsi 400 milyard dollardan çoxdur, bu da beynəlxalq ticarətin 8 faizini təşkil edir. Dünyada tiryək istehsalı artaraq ötən il 10 500 tona çatıb, yəni bir ildə 65 faiz artıb. Kokain istehsalı isə 1410 ton olub.
Azvision.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2018-ci ilə dair hesabatında qeyd olunub.

Bildirilib ki, son bir ildə 72 adda sintetik tərkibli yeni növ narkotik istehsal edilərək dövriyyəyə buraxılıb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə bir ildə narkoistifadədən ölənlərin sayı 450 minə çatıb.



BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin məlumatına görə, dünya üzrə istehlak (340 ton) və müsadirə olunan heroin ümumilikdə 430-450 ton təşkil edir. Qeyd olunanlardan 380 tonu Әfqanıstanda istehsal olunur və qonşu ölkələri vasitəsilə dünya bazarına ötürülür. Eyni zamanda Әfqanıstan əhalisinin (ümumi sayı 34 mln 656 032 nəfər) 10%-i narkotik istifadəçisidir.



2001-ci ildə Әfqanıstan ərazisində tiryək və xaş-xaş 8 min hektar, 2016-cı ildə 201 min hektar, 2017-ci ildə isə 328 min hektar sahədə yetişdirilib. Әfqanıstanda tiryək istehsalı 2016-cı illə müqayisədə 2017-ci ildə 87% artaraq 9 min ton olub. Bildirilib ki, opium dünyada hələ də ən çox istifadə olunan narkotik vasitə olaraq qalmaqdadır. Kokain istehsalında isə Kolumbiya hələ də qlobal liderdir. Kokainin qanunsuz dövriyyəsinin ənənəvi marşrutu olan Kolumbiya-Braziliya-Avropa və Kolumbiya-Şimali Amerika marşrutu Kolumbiya-Sakit okean adaları-Asiya marşrutu ilə əvəzlənib.



Belə ki, Kolumbiyada kokain istehsalının rekord səviyyədə olması nəticəsində Şimali Amerika, Qərbi və Məkəzi Avropada kokain istifadəsində artım müşahidə edilir. Aşkarlanan digər yeni bir tendensiya Cənub-Şərqi Asiya ölkələrində yetişdirilən və məişətdə kiçik yaraların müalicəsində istifadə edilən kratom adlı ağacın yarpaqlarının digər vasitələrlə qarışdırılmasından yeni növ narkotik vasitənin əldə edilməsidir.



Narkotiklərlə bağlı törədilən cinayət işlərinə görə ölüm hökmü tətbiq edən 33 ölkədə 2015- 2018-ci illər ərzində 1320 nəfərə münasibətdə ölüm hökmü icra edilib. Avropa Narkotiklər və Asılılıqların Araşdırılması Mərkəzi (EMCDDA) tərəfindən təqdim olunan hesabatında qeyd olunan məlumata əsasən, hazırda Avropada yaşayan, 15-64 yaşlar arasında 96 milyon şəxs, yəni qitə əhalisinin 29%-i qadağan olunmuş narkotik maddələrdən istifadə edir.



Narkotiklərin qiymətinə gəlincə, heroin bu siyahıda daha baha qiymətə satılır. Belə ki, heroinin topdan satış qiyməti 15-20 min dollar arası dəyişir. Pərakəndə satış qiyməti isə 40 min dollara qədər artır. Ən ucuz narkotik vasitə həşişdir. Bu narkotikin topdan satışda bir kiloqramı 3 min dollar, pərakəndə satışda isə 6 min dollardır.

Azvision.az


Teqlər: Heroin   Narkotik  





Xəbər lenti