Nazirlik: 50 insan alveri qurbanına yardım göstərilib

     Nazirlik:    50 insan alveri qurbanına yardım göstərilib
  03 Avqust 2019    Oxunub:2058
Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 50 nəfər insan alveri qurbanına müxtəlif növ yardımlar göstərib.

Bu barədə Azvision.az -a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, mərkəz 11 nəfər insan alverinin potensial qurbanını (insan alveri qurbanına çevrilmək riski ilə üzləşən insanlar) ehtiyac duyduqları yardımlarla təmin edib.

"İnsan alveri qurbanları Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, insan alverinin potensial qurbanları isə müxtəlif QHT-lər tərəfindən Mərkəzə yönləndirilib. İnsan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə sosial reabilitasiya yönümlü tədbirlər həyata keçirilib. Həmin insanlar, habelə insan alverinin potensial qurbanları ehtiyacları nəzərə alınmaqla hüquqi, tibbi, psixoloji yardımlarla təmin ediliblər. Bir qisminin məşğulluğunun təminatına, peşə hazırlığına cəlb olunmasına, müalicəsinə və s. köməklik göstərilib, ayrı-ayrı şəxslər sığınacaqda yerləşdirilib.

Mərkəz ölkəmizin bölgələrində insan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları və s. barədə maarifləndirmə tədbirləri də keçirib", - deyə nazirlik rəsmisi qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Sığınacaq  





Xəbər lenti