Almaniyada azərbaycanlı ilə iranlı arasında insident

   Almaniyada azərbaycanlı ilə iranlı arasında insident
  04 Avqust 2019    Oxunub:3461
İyulun 26-da Federal Hesse əyalətinin Butzbax şəhərində 21 yaşlı azərbaycanlı ilə 20 yaşlı iranlı arasında münaqişə olub.
Bu barədə Frankfurter Neue Presse nəşri xəbər yayıb. Bildirilir ki, adları çəkilməyən gənclər arasında münaqişə şəhər çörək zavodunun qarşısında baş verib. Qısa mübahisədən sonra iranlı hadisə yerini tərk etmək qərarına gəlib. Amma qəflətən motor uğultusu eşidib və görüb ki, azərbaycanlının idarə eydiyi “Volkswagen Golf” avtomobili onun üstünə gəlir. İranlı cəld avtomobilin kapotunun üstünə tullanıb, sonra da torpağa düşüb. Maşın isə tam sürətlə çörəkxananın divarına çırpılıb.

İranlı miqrant xəsarətlər alıb, azərbaycanlı isə avtomobilin divara çırpılmasından sağ-salamat qurtulub.

Polis qanunu pozan gənci saxlayıb. Onun qanından, alkoqol və narkotikin mövcudluğunu yoxlamaq üçün analizlər götürülüb. Azərbaycanlının qohumları polisə bildiriblər ki, onun psixikasında problemlər var, ancaq psixiatrik klinikada müayinədən keçməkdən imtina edir.

Polis gənc azərbaycanlını ona zamin duran qohumlarına verib. Lakin şəhər prokurorluğu onun iştirakı ilə hadisəni araşdırmaqda davam edir. (Virtualaz.org)

Azvision.az



Teqlər: Almaniya   Münaqişə  





Xəbər lenti