“Azərbaycan” İES yenidən qurulur

“Azərbaycan” İES yenidən qurulur
  05 Avqust 2019    Oxunub:1965
Mingəçevir şəhərində yerləşən, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in yenidən qurulması prosesi sürətlə davam etdirilir.
“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən Azvision.az -a verilən məlumata görə, 8 enerji bloklu stansiyanın artıq beşinci, altıncı, yeddinci və səkkizinci bloklarında yenidənqurma işləri yekunlaşmaq üzrədir və təmirinə başlanacaq digər dörd enerji blokunda işlər ilin sonunadək başa çatacaq. Paralel olaraq 500 kilovoltluq dörd yuvadan ibarət yarımstansiyanın üç yuvasında işlər yekunlaşıb, dördüncü yuvada isə yekunlaşmaq üzrədir. Bütövlükdə bu yarımstansiyada işlərin 90 faizi görülüb.

Ötən ilin iyulunda qəza baş verən 330 kilovoltluq yarımstansiyada isə 63 cərəyan transformatorunun hamısı dəyişdirilib. Ümumilikdə bu yarımstansiyada işlərin yarıdan çoxu başa çatıb. Eyni zamanda, 330 kilovoltluq yarımstansiya üçün tikilən idarəetmə mərkəzində işlər tamamlanıb və hazırda təmir edilən xətlərin mühafizə, avtomatika və idarəetməsinin mərhələli şəkildə yeni mərkəzə keçirilməsi prosesi gedir.

Bundan başqa, su kanalının beton qatının yenilənməsi işləri başa çatıb. Qarabağ kanalının üzərindən əhali üçün inşa edilən körpünün tikintisi yekunlaşır və bu günlərdə asfalt qatının vurulması prosesi həyata keçiriləcək. Həmçinin “Azərbaycan” İES-in 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. Yeni tikilən baş idarəetmə mərkəzində isə işlər yekunlaşmaq üzrədir.

Beləliklə, elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində tikinti işləri başa çatıb, son sınaq işləri aparılır. Eyni zamanda, 6 kilometr məsafədə ərazinin hasarlanması və digər istiqamətlərdə də işlər sürətlə davam etdirilir. “Azərbaycan” İES-in yenidənqurulması prosesinin gələn ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılıb.

Azvision.az


Teqlər: Azərenerji   Mingəçevir   İES  





Xəbər lenti