Obyektlərin 97%-də qanun pozuntusu aşkarlanıb - Nazirlik

  Obyektlərin 97%-də qanun pozuntusu aşkarlanıb -    Nazirlik
  08 Avqust 2019    Oxunub:1818
Bakı şəhərində yerləşən ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyətinin yoxlanılması ilə bağlı aparılan monitorinq zamanı vergi nəzarəti ilə əhatə olunan obyektlərin 97%-də nəzarət-kassa aparatlarından istifadə ilə bağlı qanun pozuntusu halları aşkarlanıb.
Vergilər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yoxlamalar nəticəsində 194 obyektdəki kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunmadığı, 320 nəfərin əmək müqaviləsiz işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.

Monitorinq zamanı qanun pozuntusu halı ilk dəfə aşkar olunduğundan, Vergilər Nazirliyinin əməkdaşları bu obyektlərə qarşı hər hansı maliyyə sanksiyası tətbiq etməyiblər, vergi ödəyicilərini kassa çeki təqdim olunmasının vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar. Diqqətə çatdırılıb ki, sanksiyanın tətbiq edilməməsi onlarda arxayınlıq yaratmamalıdır. Belə ki, rəsmi xəbərdarlıq edilən sahibkarlar risk qrupuna aid ediliblər. Bu da həmin vergi ödəyicilərinin fəaliyyət göstərdikləri təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin təkrar keçirilməsi ilə nəticələnəcək.

Məlumatda qeyd olunub ki, istehlakçıların həm alış-veriş zamanı, həm də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə, onların hüquqlarının pozulduğu hallarda öz mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə sərt məsuliyyət tədbirləri nəzərdə tutur.

Azvision.az



Teqlər: Vergilər-Nazirliyi   Obyekt   Yoxlama  





Xəbər lenti