Ərəb turistlərin qaldığı evə basqın edənlər tutuldu

  08 Avqust 2019    Oxunub : 1666
 Ərəb turistlərin qaldığı evə basqın edənlər tutuldu
Bakıda ərəb turistlərin kirayə yaşadıqları evə basqın edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə avqustun 5-də Səbail rayonu ərazisində qeydə alınıb. Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gəlmiş iki nəfərin kirayə yaşadıqları mənzilə basqın olub.

Mənzilin qapısının açıq olduğunu görən dörd naməlum şəxs evə daxil olduqdan sonra turistləri sözlə hədələyərək onlardan 1700 manat pul və 5 mobil telefon alıblar. Daha sonra onların əllərini bağlayaraq evi tərk ediblər.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat daxil olan kimi polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Avqustun 7-də DİN-in Baş Cinayət Axtarış, Bakı Şəhər Baş Polis və Səbail Rayon Polis idarələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən dörd nəfər, o cümlədən bir qadın tutulub.

Hazırda faktla bağlı araşdırma aparılır, zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilir.

Azvision.az

Teqlər: DİN   Ərəb   Turist   Basqın