Özəl sektorda 78 min əmək müqaviləsi bağlanıb

 Özəl sektorda 78 min əmək müqaviləsi bağlanıb
  14 Avqust 2019    Oxunub:2583
2019-cu ilin 6 ayında qeydiyyata alınmış əmək müqavilələrinin sayında 102 mindən çox artım qeydə alınıb və əmək müqavilələrinin sayı 1 503 987-ə çatıb.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib.
Onun sözlərinə görə, həmin əmək müqavilələrinin 78 mini özəl, 24 mini isə dövlət sektorunda bağlanıb: “Məlumat əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən əldə edilib. Buraya hərbi qulluqçular, xüsusi rütbəli və əmək müqavilələri kağız üzərində bağlanan şəxslər aid deyil. Ötən il əmək müqavilələrinin sayında 91,3 min artım qeydə alınmışdı”.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə minimum əmək haqqının cari ilin martın 1-dən orta hesabla 40 faiz artırılması, qeyri-leqal məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək müqavilələrinin sayında ardıcıl artıma imkan yaradıb.

Eyni zamanda, dövlət başçısının 2019-cu il 18 iyun tarixli Sərəncamı ilə 2019-cu ilin 1 sentyabr tarixindən respublikamızda minimum aylıq əməkhaqqının məbləği 180 manatdan 250 manata çatdırılacaq. Təbii ki, bu artım da əmək müqavilələrinin sayında növbəti artımın olacağını deməyə əsas verir.

Xatırladaq ki, əmək müqaviləsi əsasında çalışmaq işçinin gələcək sosial təminat hüququna əsas yaradır, ona həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində işləmək, minimum əməkhaqqından aşağı olmayan əməkhaqqı almaq, məzuniyyət götürmək, gələcəkdə layiqli pensiya ilə təmin olunmaq və s. kimi hüquqlar verir.

Aytən Zəhra
Azvision.az



Teqlər: ƏƏSMN   Müqavilə  





Xəbər lenti