Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycandadır

  14 Avqust 2019    Oxunub : 1722
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycandadır
Avqustun 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Salikovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə. əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri qərargahı qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq öz ehtiramlarını ifadə ediblər.

Qonaqları salamlayan general-leytenant K.Vəliyev ölkələrimiz arasında əlaqələrin qurulmasında dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimad əsasında aparıldığını, bu əlaqələrin daim inkişaf etdiyini, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.



Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-leytenant K.Vəliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə olduğunu, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini R.Salikov da ölkələrimiz arasındakı əlaqələrin tarixi köklərə əsaslandığını, hər iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm rol oynadığını bildirib.



Sonda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarının əhəmiyyətindən danışan R.Salikov, “Dəniz Kuboku” müsabiqəsinə ev sahibliyi etdiyinə, tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.



Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi