DSX-nin böyük uğuru: “Bəzi istiqamətlərdə mövqelərimiz daha çox irəli çəkilib” - MÜSAHİBƏ

     DSX-nin böyük uğuru:    “Bəzi istiqamətlərdə mövqelərimiz daha çox irəli çəkilib” -  MÜSAHİBƏ
  15 Avqust 2019    Oxunub:9893
Ermənistan silahlı qüvvələrinin mövqelərinə görə hakim yüksəklik statusunu qoruyan bütün hündürlüklərdə sərhədçilərimiz tərəfindən yeni döyüş mövqeləri yaradılıb.
Bunu hərbi ekspert, Ordu.az saytının əməkdaşı Ədalət Verdiyev Azvision.az -a müsahibəsində deyib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Ordu.az kollektivi siz də daxil olmaqla bu yaxınlarda Ermənistanla təmas xəttində yerləşən “Qazax” sərhəd dəstəsini ziyarət etdi. Təəssürütlarınız nədən ibarətdir?

- Son zamanlar Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax rayonu ərazisində bir-birinin ardınca baş verən atəşkəsin pozulması, texniki vasitələrimizin düşmən tərəfindən atəşə tutulması və bu istiqamətdə yeni sərhəd diviziyasının yaradılması redaksiyanın diqqətini cəlb etməyə bilməzdi. Bu məqsədlə Ordu.az kollektivi sərhədçilərimizin xidmət və məişət şəraiti, son görülən mühəndis işləri və baş verən hadisələrlə yerində tanış olmaq üçün artıq yeni formalaşdırılan diviziyanı yenidən ziyarət etmək qərarına gəldi.

Səfərimiz kifayət qədər maraqlı oldu. Səfərimiz bu ilin mart ayının 18-də xidməti istifadəyə verilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əlahiddə sərhəd diviziyasının hərbi hissəsindən başladı. Hərbi hissə müasir tələblərə uyğun olaraq bütün yaşayış və qeyri-yaşayış otaqları, zəruri obyekt və elementlərlə təchiz edilib. Hərbi hissədə müasir mərkəzləşdirilmiş müşahidə, istilik və işıqlandırma sistemləri quraşdırılıb.

Yeni inşa olunan binanın ilk mərtəbəsində qərargah, digər 4 mərtəbəsində isə şəxsi heyəti üçün yaşayış mənzilləri yerləşir. Bütün mənzillər mebel, məişət və texniki avadanlıqlarla təmin olunub. Hərbi hissə mərkəzləşdirilmiş istilik sistemi, fasiləsiz su, elektrik və qaz ilə təmin olunub.

- Azərbaycan- Ermənistan təmas xəttində hansı yeniliklərin şahidi oldunuz?

- Təmas xəttində irimiqyaslı inşaat işləri həyata keçirilib. 50-dən çox sərhəd döyüş məntəqəsi istifadəyə verilib. Əsgərlərimizin mənzil məişət şəraiti ən yüksək səviyyəyə çatdırılıb. Artıq hər bir sərhəd döyüş məntəqəsində ayrıca yataq otağı, zabit otağı, silah otağı, yeməxana, hamam, sanitar qovşağı, anbarlar, dərs otağı, silah doldurma yeri, şəxsi heyətin asudə zaman keçirməsi üçün xüsusi yerlər və s. hazırlanıb. Şəxsi heyətin qidalanması üçün yeməklərin, o cümlədən çörəyin hazırlanması məntəqə daxilindəki qida bloklarında həyata keçirilir. Hər bir məntəqə avtonom isitmə və qaynar su təchizatına malikdir.

Ərazi şərtlərinə görə, sənaye elektrik şəbəkəsinə qoşula bilməyən məntəqələrin generatorlarla təmin edilməsi ümumilikdə dəstənin 24 saat elektrik enerjisi ilə təchizatına imkan verib.

- Sərhədlərimizin müdafiə və mühafizəsinin təşkilində hansı irəlləyişlər var?

Həqiqətən də sərhədlərin müdafiə və mühafizəsinin təşkilidiqqət yetilməsi çox vacib olan bir. Sərhəd qoşunlarının dövlət sərhədinin mühafizəyə götürülməsi əmrindən sonra keçən qısa müddət ərzində döyüş mövqelərinin mühəndis təminatında kifayət qədər genişmiqyaslı tədbirlər həyata keçirilib və bu tədbirlər plana uyğun olaraq davam etdirilir. Aparılan mühəndis işləri ilk baxışdan sadəcə döyüş mövqelərinin və əlaqə yollarının təkmilləşdirilməsi təəssüratı bağışlasa da, əslində bu tədbirlərin aparılması bir neçə daha vacib məqsəd də daşıyır.

- Bu mühəndis təminatı tədbirlərinin əhəmiyyəti nədən ibarətdir?

İlk növbədə bu tədbirlər şəxsi heyətin təmas xətti boyunca təyin olunan ərazilərə vaxtında və gizli şəkildə irəliləməsi və bölmələrin çevik manevr etməsiüçün əlverişli şərait yaradır. Bu tədbirlər nəticəsində arsenalda olan texnika və silahların manevr qabiliyyətini və istifadə effektivliyini artırmaq, düşmənin şəxsi heyətini, texnikalarını, avadanlıqlarını və maddi vəsaitlərini müxtəlif və daha əlverişli mövqelərdən zəmanətlə məhv etmək üçün real imkan yaranıb. Müdafiənin sabitliyini təmin etmək üçün artilleriya və zirehli vasitələrin atəş mövqelərinin yaradılması və "ölü zonalar"ın aradan qaldırılmasına xüsusi diqqət yetirilir.

- Ordu. Az-da dərc edilən son analizinizdə Qazax istiqamətində sərhədçilərimizin bir neçə mövqenin tutulması ilə bağlı ilk müjdəni siz verdiniz. Maraqlıdır orada nə baş verir?

- Həqiqətən də Qazax rayonunda yerləşən və 700 metr yüksəkliyində olan strateji Babakərdağ silsiləsinin Gürcüstan və Ermənistanla sərhədlərin kəsişməsində olan hissəsində həyata keçirilən mühəndis təminatı tədbirlərinin miqyası kifayət qədər genişdir, məsələn kilometrlərlə yeni əlaqə yolları çəkilib, yeni sərhəd döyüş məntəqələri, atəş mövqeləri, müşahidə məntəqələri hazırlanıb. Nəzərə alsaq ki, texnikaların təhlükəsiz çalışması üçün əvvəlcə şəxsi heyət buna uyğun şərait yaradır, sonra isə texnikalar işə başlayır, o zaman görülən işlərin miqyası daha qabarıq təsəvvür edilə bilər. Bu əlaqə yollarının dərinliyi ən azı 5 metrə çatır. Bu fəaliyyətlərə hərbi hissənin sərəncamında olan qüvvə, avadanlıq və texniki vasitələr cəlb edilib. Babakər dağının zirvəsi əvvəldən də bizim nəzarətimizdə olub, lakin Ermənistan tərəfinin təxribat xarakterli fəaliyyətləri DSX-ni bu istiqamətdə həm sərhəd diviziyası yaratmağa, həm də sərhəd döyüş məntəqələrinin müdafiə və mühafizə imkanlarını artırmaq üçün müəyyən addımlar atmağa vadar edib. Hazırda Babakər dağ silsiləsinin zirvəsindən çox uzaqda yerləşən, lakin yenə də Ermənistan silahlı qüvvələrinin mövqelərinə görə hakim yüksəklik statusunu qoruyan bütün hündürlüklərdə sərhədçilərimiz tərəfindən yeni döyüş mövqeləri yaradılıb. Bəzi istiqamətlərdə mövqelərimiz daha çox irəli çəkilib. Təhlükəsizlik baxımından məsafə və dəqiq istiqamətlər barədə dəqiq nəsə demək istəmirəm. Tək onu deyə bilərəm ki, tutulan yeni mövqelərdə 4 sərhəd döyüş məntəqəsi yaradılıb.

Yeni tutulan mövqelərdə davamlı və sabit müdafiənin yaradılmasına, ehtiyat bölmələrin gizli və təhlükəsiz şəkildə təmas xəttindəki mövqelərə vaxtında yerləşdirilməsinə, düşmən hücum və təxribatlarının qarşısının alınması üçün əlverişli əsas və ehtiyat mövqelərin hazırlanmasına, müxtəlif çaplı və fərqli təyinatlı silahların düşmənlə real atəş məsafəsinə uyğun mövqelərdə yerləşdirilməsinə (bu çox vacibdir), arsenalda olan silah sistemlərinin maksimum səmərəli tətbiqinə, döyüş növbətçiliyi aparan və döyüşə daxil ediləcək ehtiyat bölmələrin manevr imkanlarının genişləndirilməsinə, bölmələrin düşmən atəşindən qorunmasına, düşmənin manevr imkanlarının məhdudlaşdırmaqla ona maksimum itkiyə məruz qoyulmasına xüsusi diqqət yetirilir.

- Sərhədçilərimizə arzularınız nədən ibarətdir?

Qarşıdan Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illik yubileyi gəlir. Bu münasibətlə kollektivimiz adından DSX-nin bütün şəxsi heyətini təbrik edirik, onlara məsuliyyətli və şərəfli xidmətlərində uğurlar arzu edirik. İnanırıq ki, onlar işğal altında torpaqlarımızın azad edilməsində bu dəfə olduğu kimi, yeni nailiyyətlər əldə etməklə xalqımızı sevindirməkdə davam edəcəklər.

Azvision.az


Teqlər: DSX   Sərhəd  





Xəbər lenti