Qurbanlıqların kəsim yerləri dezinfeksiya olunub

Qurbanlıqların kəsim yerləri dezinfeksiya olunub
  16 Avqust 2019    Oxunub:1136
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən avqustun 14-dən etibarən Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına və kəsiminə icazə verilmiş yerlərdə dezinfeksiya tədbirlərinə başlanılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a bildiriblər ki, artıq bütün şəhər və rayon mərkəzlərində müvafiq qurumlar tərəfindən müəyyən edilmiş diri heyvanların satışının və kəsiminin aparıldığı yerlərdə ödənişsiz əsaslarla dezinfeksiya tədbirləri yekunlaşıb.

Ölkədə infeksion və invazion xəstəliklərin qarşısının alınması və epizootik sabitliyin qorunması məqsədi ilə aparılan profilaktik dezinfeksiya güclü DUK maşınlarla, eləcə də mexaniki və avtomatik dezinfeksiyaedici qurğulardan istifadə edilməklə həyata keçirilib.

Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən ödənişsiz əsaslarla həyata keçirilən dezinfeksiya tədbirləri həm stasionar, həm də çadır tipli heyvan kəsimi və satışı məntəqələrində aparılıb. Obyektlər dezinfeksiya tədbirlərindən sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan kəsimi və ət satışı üçün nəzərdə tutulan ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunub.

Agentlik bəyan edir ki, hazırda ölkədə epizootik vəziyyət sabitdir və bu sabitliyin qorunub saxlanılması sahəsində lazımi tədbirlər davam etdirilir.

Azvision.az



Teqlər: KTN  





Xəbər lenti