DİN-dən yol qəzası ilə bağlı iddialara cavab - VİDEO

  DİN-dən yol qəzası ilə bağlı iddialara cavab -    VİDEO
  20 Avqust 2019    Oxunub:2331
Sosial şəbəkələrdə Bakı şəhər sakini Mehriban Məmmədxanova oğlunun idarə etdiyi motosikletin “Ford” markalı avtomobil tərəfindən vurulmasını və həmin avtomobilin hadisə yerindən qaçdığını, o cümlədən polis əməkdaşları tərəfindən işin düzgün araşdırılmadığını iddia edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumatda bildirilib ki, vətəndaş M.Məmmədxanovanın səsləndirdiyi iddialar həqiqətdən uzaqdır və böhtan xarakteri daşıyır.



Qeyd olunub ki, avqustun 7-də Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində vətəndaş Məhəmməd Məmmədxanov sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Hajoe” markalı motosikletlə sürücü Yasəf İbadovun idarə etdiyi “Ford-Tranzit” markalı avtomobillə toqquşub. Nəticədə M.Məmmədxanov yüngül xəsarətlər alıb.

Faktla əlaqədar dərhal Xətai RPİ-nin Təhqiqat Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, sürücü Y.İbadovun izahatı alınıb, məhkəmə-tibbi və yol-nəqliyyat ekspertizaları təyin edilib.

M.Məmmədxanov hadisə yerinin müayinəsi aparılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, araşdırma zamanı izahat verməkdən və məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçməkdən imtina edib, hadisə yerinə gəlmiş anası Mehriban Məmmədxanova isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işləyib.

M.Məmmədxanov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə toplanmış material rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə ona 200 manat məbləğində cərimə təyin edilib.

Məhkəmə iclasında M.Məmmədxanov yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verdiyini və müayinə zamanı əsəbi olduğundan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmadığını etiraf edib.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti