Milli Parkda yanğın: Daha bir helikopter göndərildi - Yenilənib

 Milli Parkda yanğın: Daha bir helikopter göndərildi -  Yenilənib
  20 Avqust 2019    Oxunub:4330
Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin daha bir helikopteri əraziyə cəlb olunub.
Bu barədə Azvision.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, avqustun 20-də Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 1,5 hektar sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və operativ söndürülməsini təmin etmək məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb olunmuşdu. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

***
(16:20)

Avqust 20-də saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

***
(14:17)

Lerik rayonunun Yuxarı Təngivan kəndi ilə sərhəddə, Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Azvision.az -a verdiyi məlumata görə, hazırda hadisə yerinə milli parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

Havanın isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır.

Azvision.az



Teqlər: Yanğın   ETSN  





Xəbər lenti