“Nümunəvi və peşəkar sərhəd qüvvələri formalaşıb” - General-mayor

  23 Avqust 2019    Oxunub : 1219
“Nümunəvi və peşəkar sərhəd qüvvələri formalaşıb” - General-mayor
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 27-ci ildönümü qeyd olunub.

Azvision.az xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 27-ci ildönümü münasibətilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.


Sonra Sərhəd Diviziyasının komandiri general-mayor Niyaməddin Tağıyev çıxış edərək qeyd edib ki, Azərbaycanda dövlət müstəqilliyi elan olunandan sonra belə Sovetlər Birliyinin Naxçıvandakı sərhədlərində 41-ci Sərhəd Dəstəsi dayanmışdı. Həmin dövrlərdə sərhədin OrdubadSədərəkdən keçən hissəsinin mühafizəsini aparan sərhəd zastavaları Ermənistan ərazisindəki sərhəd dəstəsinin tabeliyində idi. O zamanlar Naxçıvan Muxtar Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyevin səyi ilə həmin sərhəd zastavaları Naxçıvandakı 41-ci Sərhəd Dəstəsinin tabeliyinə verildi. Mühüm siyasi və tarixi əhəmiyyət daşıyan bu addım muxtar respublikanın sərhədlərinin etibarlı müdafiəsini və milli sərhəd dəstəsinin yaradılmasını şərtləndirdi.

1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində Ümummilli liderimizin rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanın üçrəngli bayrağı qaldırıldı və Azərbaycanın ilk milli sərhəd dəstəsinin təməli qoyuldu. “Naxçıvan Sərhəd Dəstəsinin inkişafı Ümummilli liderimizin ali hakimiyyətə qayıdışından sonra da diqqət mərkəzində saxlanılmış, burada nümunəvi və peşəkar sərhəd qüvvələri formalaşmışdır”, - deyən Sərhəd Diviziyasının komandiri bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2004-cü ildə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası yaradılıb, 2015-ci ildə Sərhəd Diviziyası “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrilib. Bununla da muxtar respublikanın sərhədlərinin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Son illər müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilib, maddi-texniki baza gücləndirilib, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb, şəxsi heyətin peşəkarlığı artırılıb.



Tədbirdə bir qrup sərhədçiyə hərbi rütbə, fəxri fərman və hədiyyələr də təqdim olunub. Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Azvision.az

Teqlər: Naxçıvan   Sərhəd