“İşsizin DOST”u proqramının icrası şəffaf aparılır

“İşsizin DOST”u proqramının icrası şəffaf aparılır
  23 Avqust 2019    Oxunub:1315
“İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunanlar məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilir. Məşğulluq mərkəzlərinin müvafiq göndərişi əsasında həmin şəxslərlə “DOST İş Mərkəzi”ndə əmək müqaviləsi bağlanılır və elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Bundan sonra hər bir işçi üçün sifariş olunmuş əməkhaqqı kartı bank tərəfindən yalnız vətəndaşın özünə şəxsiyyət vəsiqəsini təqdim etməsi şərti ilə verilir, kartı götürərkən vətəndaş bunu imzası ilə təsdiq edir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “İşsizin DOST”u proqramı əsasında işə cəlb olunma mexanizmi barədə Azvision.az -a məlumat verərək deyib.

“İşə qəbul edilmiş şəxslərin siyahısı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin yerli qurumlarına (Mənzil Kommunal Təsərrüfatı birlikləri, yaşıllaşdırma, tikinti-təmir idarələri və s.) təqdim edilir və bu qurumlar onları ictimai işlərə cəlb edirlər. Bundan sonra həmin işçi qüvvəsinin işə davamiyyətinə, tapşırılan işləri yerinə yetirməsinə nəzarəti məhz həmin qurumlar icraçı qismində həyata keçirir. Yəni, “DOST İş Mərkəzi” ilə həmin qurumlar arasında bağlanan Sazişə əsasən işçi qüvvəsi “DOST İş Mərkəzi”nin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların nizam-intizamına və gündəlik fəaliyyətinə yerli icraçı qurumlar birbaşa cavabdehlik daşıyır.

Bütün işçilər icraçının tapşırığı ilə və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. Hər ayın sonunda icraçı tərəfindən təqdim olunmuş davamiyyət cədvəllərinə (tabellərə) əsasən mərkəz tərəfindən içtimai işçilərin əməkhaqları birbaşa onların kartlarına köçürülür. Davamiyyət cədvəlləri olmadan əməkhaqqı köçürülmür.

Əgər hansısa işçi üzrsüz səbəbdən işə çıxmırsa, məhz icraçının müraciəti ilə onunla bağlanılmış əmək müqaviləsi ləğv edilir. “DOST İş Mərkəzi” tərəfindən də daxili icraat qaydasında mütəmadi nəzarət olunur, monitorinqlər keçirilir, çatışmazlıqlar olduqda icraçı təşkilatların diqqətinə çatdırılır”, - deyə nazirliyin sözçüsü bildirib.

Azvision.az



Teqlər: DOST  





Xəbər lenti