Bakıda havanı ən çox maşınlar çirkləndirir

 Bakıda havanı ən çox maşınlar çirkləndirir
  29 Avqust 2019    Oxunub:2790
Atmosfer havası ilə bağlı aparılan monitorinqlər göstərir ki, isti yay günlərində küləksiz, yüksək temperatur olan dövrlərdə atmosfer havasının çirklənməsi daha intensiv xarakter alır.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov bildirib. Onun sözlərinə görə, hazırda paytaxtda havanın çirklənməsinin 70%-dən çoxu avtonəqliyyatın payına düşür.

"Bununla yanaşı, iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması da havanı çirkləndirən əsas amillərdəndir. Atmosfer havasının keyfiyyətinə təsir edən digər səbəblər isə təsərrüfat fəaliyyəti zamanı ekoloji norma və standartlara düzgün riayət edilməməsidir. Atmosferə atılan tullantıların böyük bir hissəsi nəqliyyat vasitələrinin payına düşdüyü üçün bu sahə üzrə daha mütərəqqi metodların tətbiqi, təbiətə dost nəqliyyat vasitələrinin təşviqi təmin edilməli, elektromobillərin, hibrid nəqliyyat vasitələrinin, havanı daha az çirkləndirən sıxılmış qazla işləyən avtomobillərin sayı artırılmalı, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələri minimuma endirilməli, mühərriki kiçik həcmli avtomobillərə üstünlük verilməlidir", - nazirlik rəsmisi deyib.

M.Qənbərov xatırladıb ki, 2021-ci ildə ölkədə istehsal olunan yanacaq avro-5 standartına uyğunlaşdırılacaq. Bu da nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin azalmasına şərait yaradacaq.

Aytən Zəhra
Azvision.az



Teqlər: ETSN   Hava   Maşın  





Xəbər lenti