“Dilqəm və Şahbazın azad edilməsi üçün bütün zəruri tədbirlər görülür” - Anar Bağırov

   “Dilqəm və Şahbazın azad edilməsi üçün bütün zəruri tədbirlər görülür” -    Anar Bağırov
  29 Avqust 2019    Oxunub:3618
Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı proses ölkə rəhbərliyinin və ictimaiyyətin diqqət mərkəzindədir.
Azvision.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, dövlət başçısının tapşırığına uyğun olaraq, girovların azad edilməsi üçün bütün zəruri tədbirlər görülməkdədir.

A.Bağrov bildirib ki, bu istiqamətdə atılan ən vacib addımlardan biri həmyerlilərimizin azad olunması üçün Avropa İnsan Hüquqları üzrə Məhkəməsinə (AİHM) müraciət olunması idi: "Bununla bağlı, ötən dövr ərzində şikayət ərizəsi hazırlanmış və 15.05.2015-ci il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. 10.06.2015-ci il tarixdə Avropa Məhkəməsi tərəfindən ərizənin icraata qəbul olunması haqqında məktub alınmış və yazışmalara başlanılmışdı. Ərizənin təmin olunması üçün kifayət qədər hüquqi əsaslar vardır. Belə ki, soydaşlarımızın Avropa Konvensiyasının bir sıra maddələri ilə tanınmış hüquqları kobud şəkildə pozulub ki, buna görə məsuliyyəti Ermənistan dövləti bilavasitə daşımaqdadır. Adətən Avropa Məhkəməsinə müraciət olunan zaman ora göndərilən ərizənin icraata qəbul edilməsi və işə baxılması ilə bağlı digər prosedurlar uzun müddət çəkə bilir. Bunun qarşısını almaq, habelə girovların sağlamlıq vəziyyətini nəzərə alaraq Avropa Məhkəməsinin reqlamentinə uyğun olaraq işə təcili baxılması və həmvətənlərimizin Azərbaycana və ya başqa bir 3-cü ölkəyə təhvil verilməsi məsələlərinin zəruriliyi ərizədə xüsusi qeyd olunub. Lakin, təəssüf ki, AİHM-dən tərəfindən xahişlərimizə mənfi cavab verilmiş və işə adi qaydada baxılacağı bildirilib.

Daha sonradan 29.09.2015-ci il tarixdə onların sağlamlıq vəziyyətinin pisləşməsi barədə Ermənistan mətbuatında gedən xəbərlərə istinadən, habelə 16.06.2015-ci il tarixdə AHİM-in Çıraqov və digərləri Ermənistana qarşı qərarında Dağlıq Qarabağ torpaqları üzərində effektiv nəzarət imkanının yalnız Ermənistan Respublikasında olması məsələsinin qət olunması məktubla AİHM-in diqqətinə çatdırılıb. Əslində, bu dəlillər Avropa Məhkəməsinin reqlamentinə uyğun olaraq işə təcili baxılması üçün əsas rolunu oynamaqda idi".

VK sədri qeyd edib ki, ötən dövr ərzində Avropa İnsan Hüquqları Məhkəməsinə girovların sağlamlıq vəziyyəti, onlara tətbiq edilən işgəncə və qeyri-insani rəftar nəzərə alınaraq onların işinə daha sürətli şəkildə baxılıb qərar verilməsi barədə çoxsaylı müraciətlər edilib.

"Hazırda iş Avropa Məhkəməsi kommunikasiya mərhələsindədir və gözlənilən odur ki, bu ilin sonunadək bu kommunikasiya yekunlaşdırılacaq və qısa vaxt ərzində işə baxılacaqdır. Bundan başqa, onların sağlamlıq vəziyyətinin öyrənilməsi barədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyi ilə də əlaqələr saxlanılır. Həkimlərin dediyinə görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin sağlamlıq durumları qənaətbəxşdir. Lakin bu fikrin səsləndirilməsinə baxmayaraq, məlum olan odur ki, hazırda sağlamlıq vəziyyəti o qədər də yaxşı olmayan Dilqəm Əsgərovun ailə üzvlərinə məktub yazmaqdan imtina etdiyi bildirilir. Bu hal əslində onun sağlamlıq durumunun lazımi səviyyədə olamaması barədə ehtimalları artırır".



A.Bağrov ötən gün Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla görüşdüyünü bildirib. Diqqətə çatdırıb ki, ərizə verildiyi gündən 4 ildən çox keçməsinə, Dilqəm Əsgərovun sağlamlıq vəziyyətinin qənaətbəxş olmamasına baxmayaraq, Avropa Məhkəməsinin hələ də işə baxmaması təəssüf hissi doğurur.

"Özlərini insan hüquqlarının müdafiəçisi olaraq göstərən heç bir beynəlxalq təşkilat və ya səfirliklər, fərdlər bu günə kimi keçirilmiş görüşlərin birində belə Dilqəm və Şahbazın məsələsinə toxunmamışlar və bu mövzunun üzərindən sükutla keçmişlər. Bu, özlüyündə həmin təşkilatların fəaliyyətində ikili standarların mövcudluğundan əyani xəbər verir.

Görüşdə müzakirə olunan və maraq kəsb edən məsələrdən biri də Dilqəm Əsgərovun ailə üzvlərini onu ziyarət etməsi məsələsi olub. Bununla bağlı, qeyd olunub ki, Ermənistan dövləti tərəfindən ziyarət edəcək şəxslərin təhlükəsizliyinə real zəmanət olmadığı üçün belə bir səfərin baş tutması qeyri-mümkündür".

Azvision.az


Teqlər: Anar-Bağırov   Dilqəm-Əsgərov  





Xəbər lenti