Qumbara ilə özünü partladan şəxslə bağlı yeni faktlar

  30 Avqust 2019    Oxunub : 4862
 Qumbara ilə özünü partladan şəxslə bağlı yeni faktlar
Xəbər verdiyimiz kimi, ötən gün Tərtər rayonunda insident baş verib. 1994-cü il təvəllüdlü Təzəkənd sakini Elmir Hüseyinli yaşadığı evin həyətində naməlum mənbədən əldə etdiyi əl qumbarasını partladıb. Hadisə nəticəsində E.Hüseynli həlak olub, onu intihar cəhdindən çəkindirməyə çalışan qonşusu Fikrət Abbasov ağır dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qaradağlı bələdiyyəsinin sədri Novruz İbrahimov hadisənin təfərrüatları barədə Azvision.az -a danışıb. O, bildirib ki, qonşu kənddə keçirilən toydan gələn Elmir sərxoş vəziyyətdə olub və evə daxil olduqdan sonra özünü öldürəcəyini deyib.

“Hazırda istintaq iş aparır, prokurorluqda bununla bağlı cinayət işi açılıb. Nəticələr bizə də məlum deyil, yəqin ki, sonra biləcəyik. Elmir subay idi. Valideynləri təsərrüfatla məşğul olur, zəhmətkeş insanlardır. Bir bacısı var, ailə həyatı qurub. Problemli ailə deyil. Elmir toydan gələndən sonra özünü öldürəcəyini deyib və qumbaranı partladıb. Ola bilsin ki, içkili olduğundan belə edib".

Bələdiyyə sədrinin sözlərinə görə, hadisə baş verən gün Elmirin ailəsində onun intihar etməsinə səbəb olacaq söz-söhbət, münaqişə baş verməyib.

"Ailəsi deyir ki, həmin gün evdə söz-söhbət olmayıb. Özü də dalaşqan, səs-küylü oğlan deyildi. Maraqlanıblar ki, həmin gün toyda da kiminləsə mübahisəsi olmayıb. Atası əməliyyat olunub deyə, Elmir toya tək gedib, axşam da hamı kimi toydan qayıdıb”.

Qeyd edək ki, Rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Tərtər   Qumbara   Partlayış