İki marşrut xətti üzrə avtobuslar yenilənəcək

İki marşrut xətti üzrə avtobuslar yenilənəcək
  31 Avqust 2019    Oxunub:1607
Sentyabrın 9-dan 76 və 78 nömrəli (“Bakıxanov” dəmiryol stansiyası - “Neftçilər” metro stansiyası) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a bildirilib ki, daxil olan vətəndaş müraciətlərinin təhlili, eyni zamanda aparılan monitorinqlər nəticəsində hazırda 76 və 78 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobusların sərnişin tələbatını ödəmədiyi müəyyənləşdirilib.

Həmçinin ötən dövrdə hər iki xətlə bağlı sərnişinlərdən “ALO141” Çağrı Mərkəzinə çoxsaylı şikayətlərin daxil olmasına baxmayaraq daşıyıcı şirkət “Azlənd Plaza” MMC tərəfindən mövcud çatışmazlıqların aradan qaldırılması üçün təsirli tədbirlər görülməyib.

Qeyd olunanları nəzərə alaraq, “Azlənd Plaza” MMC ilə 76 və 78 nömrəli müntəzəm marşrut xətlərinin müvəqqəti istismarına dair müqaviləyə xitam verilib. Hər iki marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi müvəqqəti olaraq “Şidli-A.İ” şirkətinə həvalə edilib. Sözügedən marşrutlar üzrə sərnişinlərə daşıyıcı şirkət tərəfindən əsaslı təmir edilmiş və nisbətən iritutumlu “Daewoo BS090” markalı avtobuslar xidmət göstərəcək.

Bildirilib ki, Bakı şəhərində avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir. Ölkə başçısının müvafiq Sərəncamına əsasən alınan 300 ədəd müasir və komfortlu avtobuslar nəzərdə tutulan plana uyğun olaraq paytaxta gətirilir.

Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti