Azərbaycanın tarixi bayraqları “Hərbiyyə”də - FOTOLAR

  31 Avqust 2019    Oxunub : 1382
Azərbaycanın tarixi bayraqları “Hərbiyyə”də - FOTOLAR
Müdafiə Nazirliyi, “ASAN xidmət”, Gədəbəy Rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birgə layihəsi olan “Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın tarixi bayraqları” sərgisi açılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, düşərgənin gənc vətənpərvərləri ilə yanaşı, Müdafiə Nazirliyinin, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, veteranlar, eləcə də bölgənin müdafiəsində dayanan hərbi hissənin şəxsi heyəti sərgiyə böyük maraqla tamaşa ediblər.



Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bildirib ki, bayraq hər bir ölkənin mövcudluğunu, şərəf və ləyaqətini əks etdirən müqəddəs rəmzdir. Ölkələrin özlərinə bayraq təyin etməsi orta əsrlərin əvvəllərində döyüşlərdə tərəflərin bir-birilərini ayırd edə bilmələri məqsədilə başlanıb. Məhz bayraqları öyrənən veksillologiya elmi təsdiq edir ki, bəşər sivilizasiyasının ən qədim məskənlərindən biri olan, böyük dövlətçilik tarixinə malik Azərbaycan da zaman-zaman öz bayraqları ilə tarixdə mühüm yer tutub.



Xalqımızın ümummilli lideri Heydər Əliyev bayrağa həmişə yüksək önəm verib və Ulu Öndərimizin sayəsində paytaxtımızda, eləcə də ölkəmizin bir çox bölgələrində Bayraq muzeyləri yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaldırılan üçrəngli dövlət bayrağımız ötən əsrin 90-cı illərinin əvvəllərində yenidən Naxçıvanda ucaldılıb, az sonra isə Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilib. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən 2010-cu ildən başlayaraq “Dövlət bayrağı günü” təntənəli surətdə ümumxalq bayramı kimi rəsmi olaraq qeyd olunur.



Sərgidə Midiya, Qaraqoyunlu, Ağqoyunlu, Cəlairilər, Eldənizlər, Səfəvilər dövlətlərinin, Bakı, Şəki, Qarabağ, İrəvan, Gəncə xanlıqlarının, Nadir şah Əfşarın, Cavad Xanın, Qacarların bayraqları, həmçinin Azərbaycanın Xalq Cümhuriyyəti dövründən bu günədək qəbul edilmiş bayraqlar nümayiş olunub, hər bir bayraq haqqında geniş məlumat verilib.



Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları Əli Məmmədov və Canəli Hüseynov tamaşaçıların suallarını cavablandırıblar.









Azvision.az

Teqlər: Hərbiyyə   Sərgi