Bu gündən minimum əməkhaqqı artdı

 Bu gündən minimum əməkhaqqı artdı
  01 Sentyabr 2019    Oxunub:3269
Bu gündən Azərbaycanda minimum əməkhaqqı artıb.

Azvision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev cari ilin iyun ayında sərəncam imzalayıb. Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılıb.
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edir. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılıb.

Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verib.

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” son sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir.

Xatırladaq ki, bundan əvvəl dövlət başçısının cari il fevralın 8-də imzaladığı Sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış, bu artım 600 minədək insanı əhatə etmişdi. Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması kimi əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib.

Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdədir.

Azvision.az


Teqlər: Maaş   Artım   Əməkhaqqı  





Xəbər lenti