“Albert Aqarunova heykəl qoyulması İsraillə dostluğun nümunəsidir” - Yevda Abramov

 “Albert Aqarunova heykəl qoyulması İsraillə dostluğun nümunəsidir” -  Yevda Abramov
  04 Sentyabr 2019    Oxunub:3990
“Nərimanov rayonunun ən gözəl guşəsində Milli Qəhrəmanımız Albert Aqarunova heykəl qoyulması Azərbaycan dövlətinin, millətinin, xalqının Milli Qəhrəmanına münasibətinin təzahürüdür”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Yevda Abramov deyib.

Deputat vurğulayıb ki, xalq öz qəhrəmanını unutmamalıdır: “Xalq onları heykəllərdə, küçə adlarında, oxuduğu məktəblərin adlarında yaşatmalıdır. Həm də bu qəhrəmanlar insanların ürəklərində yaşamalıdır. Belə olmasa, biz gələcəkdə indiki cavanlardan qəhrəmanlıq gözləyə bilmərik. Onlar bilməlidir ki, nəyin uğrunda canlarını fəda verirlər”.

Y.Abramov qeyd edib ki, Bakıda Albert Aqarunova heykəl qoyulması İsrail və Azərbaycan xalqları arasında möhkəm dostluğun nümunəsidir: “Albert Aqarunov başqa millətin nümayəndəsi kimi Şuşa uğrunda döyüşərək həlak olub. Ancaq həlak olsa da, əbədi yaşayacaq. Bu şəhidliyin ən yüksək zirvəsidir. Çoxları deyir ki, elə kasıb-kusubun balası gedib ölür, yaddan çıxır. Amma elə deyil. Sıravi bir fəhlə ailəsində doğulan tornaçı qəhrəmanlıq göstərdi. Əvvəlcə onu ancaq ailəsi, oxuduğu sinifin şagirdləri tanıyırdı. İndi isə bütün dünya tanıyır. Adı əbədiləşdi. Xalqının da başını uca etdi, doğulduğu torpağın da. Azərbaycanı dünyaya tanıtdı ki, bu torpaq belə igidlər yetişdirən diyardır. Hər bir insan, hər bir xalq öz qəhrəmanına belə doğma münasibət bəsləməlidir”.



Xatırladaq ki, Bakıda Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədilə heykəli ucaldılıb. Heykəl Nərimanov rayonunda Milli Qəhrəmanın adını daşıyan küçədə qoyulub. Hazırda heykəlin quraşdırılma işləri gedir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Aqarunov   Heykəl   Abramov  





Xəbər lenti