“Aprel döyüşləri həm də bizim gəncliyin sınağı idi” - Ülvi Mehdiyev

  “Aprel döyüşləri həm də bizim gəncliyin sınağı idi” -    Ülvi Mehdiyev
  05 Sentyabr 2019    Oxunub:7902
"Könüllülərin çoxsaylı müraciətini ölkə rəhbərliyinə məruzə etdik. Ölkə rəhbərliyinin tapşırığı əsasında Müdafiə Nazirliyi ilə birgə könüllülərin müraciətini nəzərə alaraq, bu il üçün ikinci dəfə "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsini təşkil etdik".
Azvision.az xəbər verir ki, bunu sayca dördüncü dəfə təşkil olunan "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Dövlət Agentliyinin sədri bildirib: "Bu, onu göstərir ki, Azərbaycan gəncliyi vətənpərvərdir. Çalışırıq ki, gənclərimiz bu istiqamətdə daha da inkişaf etsinlər. Ölkə rəhbərliyinin tapşırığı ilə bu tədbir sistemli şəkildə və daim keçiriləcək".

Ü.Mehdiyev qeyd edib ki, Ermənistanın Qarabağla bağlı dövlət siyasəti odur ki, maksimum dərəcədə münaqişənin müddəti uzadılsın, yeni nəsillər gəlsin və Qarabağı görməyən nəsil formalaşsın.

"Elə düşünürlər ki, yeni nəsil mübarizə aparmayacaq. Amma Aprel döyüşləri təkcə Ordunun gücünü göstərən döyüş olmadı. Bu döyüş həm də bizim gəncliyin imtahanı, sınağı idi. Azərbaycan gəncliyi bu imtahandan uğurla çıxdı və bütün dünyaya bəyan etdi ki, yeni nəsilik, Qarabağı görməyən nəsilik, amma Qarabağı əvvəlki nəsildən daha əzmlə, inamla tələb edirik və buna nail olacağıq. Hər birimizə bu müqəddəs amal, məqsəd uğrunda qələbə qazanmağı arzu edirəm".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASAN-Xidmət   Ülvi-Mehdiyev   Hərbiyyə  





Xəbər lenti