Vəkil olmaq istəyənlər imtahan verir

  08 Sentyabr 2019    Oxunub : 1320
Vəkil olmaq istəyənlər imtahan verir
Sentyabrın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir.
Azvision.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektronlaşdırılmış qaydada aparılan imtahanda 237 namizəd iştirak edir.

Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunub ki, bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcəkdir.

Şəffaflığın təmin edilməsi məqsədilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər və KİV nümayəndələri imtahan prosesini izləyirlər.

İmtahanın təşkili və namizədlərin tərkibinə dair statistik məlumatlara gəldikdə isə, qeyd olunmalıdır ki, imtahanda iştirak edən ən yaşlı namizəd 70, ən gənc isə 25 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 49 faiz, respublikanın digər regionları üzrə isə 51 faizdir. Əvvəlki imtahanlardan fərqli olaraq, say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcəkdir. Namizədlərin 11,2 faizi xarici, 88,8 faizi yerli ali təhsil müəssisələrində təhsil alıblar ki, bu siyahıda ilk yeri 51 faiz ilə Bakı Dövlət Universiteti tutur. Yaş kateqoriyası baxımındam 40 yaşadək olan namizədlər ümumi namizədlərin 59 faizini təşkil edir. Qadın namizədlər 14 faiz, kişi namizədlər isə 86 faizdir.

Xatırladaq ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarını müntəzəm keçirməklə Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şəraitin yaradılması tövsiyə olunub.

Azvision.az

Teqlər: Vəkillər-Kollegiyası   İmtahan