Uşaq pulu ilə bağlı yeni təklif - İtaliya modeli daha uyğundur

 Uşaq pulu ilə bağlı yeni təklif  - İtaliya modeli daha uyğundur
  11 Sentyabr 2019    Oxunub:6580
"Uşaq pulu ilə bağlı müzakirələr gündəmin vacib xəbərlərindən olaraq qalmaqdadır. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən uşaq pulunun verilməsinə dair hazırlanan mexanizmin təqdimatından sonra məsələyə fərqli yanaşmalar var. Rəsmi açıqlamalarda daha çox sosial qayğısı olanlara birbaşa ödənişin həyata keçirilməsi vacib hesab olunur".
Azvision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, CESD bu sahədə fərqli ölkələrin təcrübəsini öyrəndiyi üçün Azərbaycanda İtaliya modelinin tətbiqi daha məqəsədəuyğun hesab edir:

"Belə ki, bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11 422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir. Ailənin gəliri artdıqca, uşaq pulu məbləği dəyişir. İtaliyada qanunla müəyyənləşdirilmiş həddən az gəliri olanlara uşaq pulu verilir ki, bu da onların sosial təminatının gücləndirilməsi baxımdan vacibdir. Aydındır ki, Azərbaycanda 4 min manat aylıq gəliri olan üçün 100 manat uşaq pulu ciddi rəqəm hesab olunmaya bilər, amma 400 manat qazanan ailə üçün bu əhəmiyyətli dəstəkdir. Yəni, imkanlı ailənin uşaq puluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır. Bu baxımdan, İtaliya modelində olduğu üçün gəliri az olan ailələrin uşaqların sayına görə uşaq pulu alması daha məqsədəuyğun hesab oluna bilər".



V.Bayramov qeyd edib ki, Azərbaycanda gəlirlərin deklarasiyası haqqında qanunun qəbul edilməsinə də ehtiyac var:

"Kimin varlı, kimin kasıb olduğunu müəyyənləşdirmək üçün dövlət qulluqçuları daxil olmaqla hamının gəlirlərini bəyan etməsi vacibdir. Bu, həm də şəffaflığın gücləndirilməsi baxımından çox vacibdir. Bu zaman artıq sosial qayğıya və ya uşaq puluna ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi mümkündür. İkinci mərhələdə isə az gəliri olan ailələrə uşaqların sayına uyğun olaraq uşaq pulu formasında birbaşa ödəniş mümkündür. Bu, həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından vacib hesab oluna bilər. Uşaq pulunun bərpasında İtaliya modelinin tətbiq edilməsi həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm da gəliri az olan ailələrin uşaq pulundan faydalanmasına imkan verəcək. Bu mexanizm ünvanlı sosial yardım ilə eyni deyil və birbaşa uşaq sayına hesablanmış modeldir. CESD-nin ilkin qiymətləndirilmələrinə görə, yeni modelin tətbiq edilməsi ildə 800 milyon manata yaxın xərc tələb edəcək. Bu büdcə üçün ciddi maliyyə yükü yaratmamaqla istehlak bazarında qiymət tarazlığını da pozmayacaq".

Azvision.az


Teqlər: Ekspert   Uşaqpulu  





Xəbər lenti