“Mühacirlərin siyasi proseslərə müdaxiləsi təhlükəlidir” - Əli Əhmədov

  11 Sentyabr 2019    Oxunub : 1511
“Mühacirlərin siyasi proseslərə müdaxiləsi təhlükəlidir” - Əli Əhmədov
"İstənilən siyasi partiya ölkənin maraqlarını üstün tutmalıdır. Təəssüflə qeyd etmək istəyirəm ki, xaricdə mühacir statusu alan şəxslər Azərbaycanda siyasi proseslərdə yaxından iştirak etməyə cəhd edirlər".
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Bakıda siyasi partiya nümayəndələrinin iştirakı ilə keçirilən “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” dəyirmi masada deyib.

Ə.Əhmədov bildirib ki, onlar asanlıqla xarici xüsusi xidmət orqanları tərəfindən ələ alına bilər: "Buna görə də onların siyasi proseslərə müdaxiləsi təhlükəlidir. Bəziləri "Youtube"da guya izləyicilərinin hesabına gəlir əldə edir. Bu, əsassızdır, araşdıra bilərsiniz. Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hanısa xarici qüvvənin yox. Azərbaycan güclənib, qüdrətlənib. Xarici qüvvələr Ermənistanı "demokratik", Azərbaycan isə "anti-demokratik" göstərməyə cəhd edirlər. Bütün bu cəhdlər əbəsdir. Sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir. Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər. Bu təcrübə var".

Baş nazirin müavini təəssüflə qeyd edib ki, son vaxtlar xaricdə fəaliyyət göstərərək, Azərbacanın siyasi proseslərində yaxından iştirak etməyə çalışan şəxslər peyda olub.

Onun sözlərinə görə, məsələnin birinci tərəfi həmin şəxslərin xaricdən sığınacaq almaqla Azərbaycan vətəndaşlığından imtina etməyə bərabər addım atmalarıdır:

"İkincisi, xaricdə sığınacaq aldığına görə çox məhdud dövlət yardımı ilə yaşayan insanların geniş siyasi fəaliyyət göstərmək, təbliğat maşını yaratmaq, onu idarə etmək kimi imkanları yoxdur. Deməli, bunlar istəsələr də, istəməsələr də, bu fəaliyyəti göstərmək üçün hər hansı bir kənar maliyyə dəstəyinə ehtiyac duyurlar və beləliklə də, həmin maliyyə dəstəyini almaq üçün ayrı-ayrı maraqlı qüvvələrin təsiri altına düşməyə məhkumdurlar. Digər tərəfdən onlar maraqlı xüsusi xidmət orqanları üçün tamamilə açıqdırlar. Xarici xüsusi xidmət orqanları tərəfindın asanlıqla ələ alına, yönəldilə bilən bir qrupa çevrilirlər. Bu mənada, həmin insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəlidir, həm də yolverilməzdir".

Ə.Əhmədov əlavə edib ki, kənar qüvvələrin siyasi proseslərə müdaxilə etməsinə imkan verilməməlidir: "Biz ona görə narahatıq ki, bu gün xaricdə mühacir qismində sığınacaq tapmış bəzi insanların indiki texnologiyanın imkanlarından istifadə edərək Azərbaycana qarşı apardığı çirkli təbliğat kampaniyasına qarşı sözümüzü deməyi bacarmalıyıq".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Əli-Əhmədov