Qarabağ icması Fransa hökumətinə çağırış edib

  12 Sentyabr 2019    Oxunub : 1195
 Qarabağ icması Fransa hökumətinə çağırış edib
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Fransa Parlamentinin bir qrup üzvünün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar bəyanat verib.
Azvision.az xəbər verir ki, bəyanatda deyilir:

“Ermənistan KİV-də yayılmış məlumata əsasən, Fransa Parlamentinin bir qrup üzvü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edərək, cinayətkar işğalçı rejimin “nümayəndələri” ilə görüşlər keçirib və bir sıra “tədbirlər”də iştirak ediblər.

Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində ölkəmizin suverenliyini tanıyan, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın Parlament üzvlərinin Dağlıq Qarabağa səfəri təxribat xarakteri daşıyır və vasitəçiliyi həyata keçirən ölkənin tutduğu mövqeyə uyğun gəlmir.

Biz, Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, belə səfərin qəbuledilməz olduğunu bəyan etməklə yanaşı, Fransa hökumətini Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan addımların qarşısının alınması üçün tədbirlərin görülməsinə çağırırıq. Azərbaycanın işğal altında olan torpaqları azad edilmədiyi və azərbaycanlıların öz torpaqlarına geri dönmədiyi təqdirdə, qanunsuz cinayətkar rejim tərəfindən həyata keçirilən istənilən təxribat xarakterli addım və işğalın nəticələrinin “legitimləşdirilməsinə” yönələn “cəhdlər” heç bir nəticə verməyəcək, bizim öz torpaqlarımıza geri dönməyimizi əngəlləyə bilməyəcək”.

Azvision.az

Teqlər: Qarabağ   İcma   Fransa   Hökumət