"Bakının işğaldan azad edilməsi böyük hadisədir" - Akkan Suver

  14 Sentyabr 2019    Oxunub : 1209
 "Bakının işğaldan azad edilməsi böyük hadisədir" - Akkan Suver
Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələri ilə Qafqaz İslam Ordusunun birgə rəşadəti sayəsində Bakının erməni-daşnak birləşmələrindən azad olunması bütün türk dünyası üçün böyük hadisədir. Zaman keçdikcə bu həqiqət daha aydın formada hiss olunmaqdadır.
Azvision.az xəbər verir ki, bu fikirləri AzərTAC-a açıqlamasında Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver söyləyib.

Nuri paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun bölgəyə doğru sülh yürüşünü tarixi missiya kimi dəyərləndirən Akkan Suver deyib: “Əlamətdardır ki, Azərbaycan xalqı bu yürüşün nəticələrini hər zaman böyük sevgi və məhəbbətlə xatırlayır. Qafqaz İslam Ordusunun missiyası təkcə Azərbaycan üçün yox, eyni zamanda, sonrakı illərdə Qazi Mustafa Kamal Atatürk tərəfindən qurulan Türkiyə dövlətinin möhkəmlənməsi üçün də böyük əhəmiyyət daşımışdır. Biz o hadisələrdən danışarkən, eyni zamanda, XX əsrin sonlarında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyinin qorunması prosesini də ehtiramla xatırlayırıq. Tarixi, siyasi və mənəvi mahiyyətlərinə görə bu proseslərin hər biri digərini tamamlayır”.

Professor əminliklə deyib ki, Azərbaycanın və Türkiyənin qardaşlıq münasibətləri əbədidir və bu birlik dövlətlərimizin gücünə əlavə güc qatmaqda davam edəcək.

Azvision.az

Teqlər: AkkanSuver