Üçtərəfli zirvə görüşü: Suriya məsələsi nə yerdə qaldı? - ŞƏRH

  17 Sentyabr 2019    Oxunub : 2303
 Üçtərəfli zirvə görüşü: Suriya məsələsi nə yerdə qaldı? - ŞƏRH
Sentyabrın 16-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında üçtərəfli görüş keçirilib. Paytaxt Ankarada baş tutan zirvə toplantısında İdlib məsələsi daxil olmaqla ümumilikdə Suriya problemi müzakirə olunub.
Prezidentlərin üçtərəfli zirvə görüşünü Azvision.az -a şərh edən politoloq Sahil İskəndərov bildirib ki, Suriya probleminin belə tezliklə həll olunması mümkün deyil:

“Vaxtaşırı İran, Rusiya, Türkiyə rəhbərlərinin görüşü daha çox ona yönəlib ki, ABŞ Suriyada özünü rahat hiss etməsin. Yəni üç dövlətin marağındadır ki, Suriyada nəzarət ABŞ-ın əlinə keçməsin. Zirvə toplantısında maraqlı məqamlardan biri İran prezidenti Həsən Ruhaninin İdlibdə situasiyanı qaydaya salmağın mümkün olmamasına dair birmənalı bəyanatıdır. Halbuki, təxminən bir il bundan öncə Rusiya və Türkiyə arasındakı razılaşmanın əsas məqsədi İdlibi münaqişəsiz zonaya çevirmək və oranın təhlükəsizliyinin təminatına nail olmaq idi. Həsən Ruhani isə bir növ Ərdoğana irad tutaraq bu məsələdə həllə nail olunmadığını bildirdi”.



S.İskəndərov qeyd edib ki, üç dövlətin maraqları üst-üstə düşsə də, istənilən nəticə əldə olunmayıb: “Ruhani Ərdoğana iradında dedi ki, Türkiyə İdlibdə ona yaxın silahlı müxalifətə təsir göstərmək istəməyib. Düşünürəm ki, buna nail olmağın özü də asan məsələ deyil. Çünki oradakı qruplaşmaların öz maraqları var. Onlar Türkiyəyə bağlı ola, münasibətləri yaxşı ola bilər. Amma bu, o demək deyil ki, onlar birmənalı olaraq Türkiyə prezidentinin dediyinə razı olub, silahı yerə qoyacaqlar. Digər maraqlı məqam isə yenə Həsən Ruhani tərəfindən səsləndirildi. Bu İran prezidentinin dünya ictimaiyyətini Suriyada vətəndaş müharibəsinə diqqət ayırmaqdan daha çox bu ölkənin bərpasına çağırmasıdır. Əslində Qərbə mesajdır ki, Suriyanın belə vəziyyətə salınmasında günahkar olanlar, indi bu ölkəni bərpa etsinlər”.



Politoloq əlavə edib ki, Rusiya, Türkiyə və İrana Suriyanın parçalanması amili heç cür xeyir gətirmir: “Suriyanın parçalanması qeyd etdiyim üç ölkənin geosiyasi maraqlarına dabandabana ziddir. Qərb üçün isə məqbuldur. Çünki Qərbin əsas istəyi kürdlərə muxtariyyət yaratmaqdır. Rusiya kürdlərin muxtariyyət yaratmasına niyə qarşı çıxır? Ona görə yox ki, bunun Rusiyaya hansısa ziyanı var. Sadəcə bu baş verərsə, Suriya parçalanacaq və Rusiyaya parçalanmış Suriyaya nəzarət lazım deyil. Yəni Rusiya Suriyanın tamamına nəzarət etmək istəyir. Türkiyə və İrana isə gələcəkdə həmin ölkələrdə yaşayan kürdlərin ayağa qalxmasına zəmin yarada bilər. Ona görə də Türkiyə Suriyanın ərazi bütövlüyünü qoruyub-saxlamağa çalışır”.



Suriyanın yeni konstitusiyasının işlənməsi ilə bağlı məsələyə gəlincə, S.İskəndərov deyib: “Konstitusiya komitəsi vətəndaş müharibəsindən sonra Suriyada mövcud olan siyasi qüvvələr arasında dialoq, ümumən cəmiyyət və hakimiyyət arasında tənzimlənməni özündə əks etdirən layihədir. Orada qeyd olunub ki, müəyyən qüvvələr buna təzyiq göstərməyə çalışacaqlar. Bu məsələdə üç dövlətin marağı üst-üstə düşür. Sözsüz ki, onlar da çalışacaqlar ki, elə müddəalar öz əksini tapsın ki, gələcəkdə hansısa qüvvələrin müdaxiləsi özünü göstərməsin.

Bundan başqa, hər üç ölkənin liderləri bəyan etdilər ki, Suriya məsələsinin həllində ən işlək format Astana formatıdır. Yəni üç ölkə Cenevrə formatını faktiki gündəlikdən silir. Sonradan proseslər necə cərəyan edəcək, Qərb hansı addımları atacaq, bu başqa məsələdir. ABŞİran arasında Səudiyyə Ərəbistanına məxsus neft zavodlarının hücuma məruz qalması fonunda baş qaldıran sonuncu gərginləşmənin nəticəsi göstərəcək ki, bu üç dövlət Suriyada nəyə nail ola biləcəklər. Düşünmürəm ki, ABŞ bütün bunları sakitcə izləyəcək. Zaman-zaman ABŞ prosesə xələl gətirmək üçün müəyyən addımlar atacaq”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Suriya