“Azərişıq” küləyə görə gücləndirilmiş rejimə keçdi

“Azərişıq” küləyə görə gücləndirilmiş rejimə keçdi
  22 Sentyabr 2019    Oxunub:4750
Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.
Azvision.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, yerlərə əlavə texnika cəlb edilib:

“Bu gün səhərdən müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb edilib. Bu isə baş verə biləcək kəsinti və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.

“Azərişıq” rəsmisi bəzi regionlarda elektrik enerjisi təchizatında qısamüddətli kəsinti olduğunu qeyd edib: “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə düşən Nabran qəsəbəsində 10 kVt-luq”Muxtadı” hava xətti, “Şirvan” RETSİ-nin ərazisində olan Neftçala şəhərini qıdalandıran hava xətti, “Qərb” RETSİ-nin ərazisindəki Tovuz, Şəmkir və Akstafa rayonlarının ərazilərindəki elektrik ötürücü xəttlərinə verilən elektrik enerjisi təchizatı küləkli hava şəraitində təhlükəsizlik səbəbindən müvəqqəti dayandırılıb və qısa müddətdə bərpa edilib”.

T.Mustafayev, həmçinin istehlakçılara müraciət edib: “Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən istehlakçılardan xahiş edirik ki, ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem, yaxud qəza halı gördükdə 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.

Azvision.az


Teqlər: Azərişıq   Külək  





Xəbər lenti