Xaricdə yaşayan azərbaycanlılar İstanbulda toplandı - FOTO

Xaricdə yaşayan azərbaycanlılar İstanbulda toplandı -  FOTO
  22 Sentyabr 2019    Oxunub:5641
Türkiyənin İstanbul şəhərində Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısı keçirilib.
Azvision.az xəbər verir ki, toplantının keçirilməsində məqsəd qarşılıqlı fikir mübadiləsinin aparılması və Koordinasiya Şuralarında birləşən soydaşlarımızın məlumatlandırılmasıdır.

Toplantıya Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçıları salamlayıb, açılış sözü deyib və müzakirə olunacaq məsələləri bir daha diqqətət çatdırıb.



Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev Koordinasıya Şuralarını təmsil edən şəxsləri Türkiyədə görməkdən məmnun olduğunu bildirib və onlara uğurlar arzulayıb.
Komitə sədrinin Azərbaycanın diaspor siyasəti, bu istiqamətdə atılan konkret addımlar, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi, müasir onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyətə nail olmaları, eyni zamanda bu sahənin prioritetlərini özündə əks etdirən dərin təhlil xarakterli çıxışı maraqla qarşılanıb.

Toplantı Koordinasiya Şuralarının bu günə kimi gördükləri işləri əks etdirən hesabatın təqdimatı ilə davam edib.

Vaxtaşırı məsuliyyətsiz bəyanatlarla çıxış edən Ermənistan rəhbərliyinin hərəkətlərinə qarşı Azərbaycan diasporunun, xüsusilə Avropada yaşayan azərbaycanlıların davamlı və sistemli fəaliyyətinin təşkili ilə bağlı müzakirə aparılıb, onlara adekvat cavabların verilməsinin istiqamətləri müəyyən edilib v’ bununla bağlı yol xəritəsi hazırlanıb.



Diqqətə çatdırılıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, təcavüzkarın heç bir hüquq və mənəviyyat çərçivəsinə sığmayan hərəkətlərinin Avropada daha geniş kütləyə çatdırılması, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində aparılan işlərin daha da dərinləşməsi güclü intellektual potensiala malik olan diasporumuzun da ən mühüm fəaliyyət istiqamətidir.

Bununla yanaşı, Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısının iştirakçıları Avropa ölkələrində məskunlaşan bəzi azərbaycanlı mühacirlərin ölkəmizin ümumi mənafeyinə zidd çıxış və hərəkətləri ilə bağlı fikirlərini bildirib, onları ciddi şəkildə qınadıqlarını bəyan ediblər.

Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunin iş prinsipləri haqqında danışılıb və Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısının iştirakçıları Fonda müraciət formaları, layihələrin yazılması və s barədə ətraflı məlumatlandırılıblar
Toplantıda qarşılıqlı fikir mübadiləsi aparılıb və birgə fəaliyyətin perspektivlərini müəyyən edən yekun qərar qəbul olunub.

Azvision.az


Teqlər: Diaspor   Komitə   İstanbul  





Xəbər lenti