“Nyu-York görüşündə real nəticələr əldə olunmayıb” - ŞƏRH

 “Nyu-York görüşündə real nəticələr əldə olunmayıb” -  ŞƏRH
  24 Sentyabr 2019    Oxunub:3508
Azərbaycanın Xarici İşlər Nazirliyi Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşə dair bəyanat yayıb. Bəyanatda bildirilib ki, görüş yenidən təmas xəttində Azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qalıb və Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq.
Bəyanatda, həmçinin qeyd olunub: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparıldı”.

XİN-in məlum bəyanatını Azvision.az -a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Nyu-York görüşündə real nəticələr əldə olunmayıb.

E.Şahinoğlu xatırladıb ki, görüş ərəfəsində cəbhə bölgəsində vəziyyət gərginləşib və hərbi qulluqçumuz şəhid olub: "Aydındır ki, belə vəziyyətdə Nyu-Yorkdakı görüşdən real nəticə gözləmək olmazdı. Bu məqam bəyanatda da vurğulanıb. Bəyanatdakı önəmli cümlələrdən biri "sadəcə fikir mübadiləsinin aparıldı"dır. Yəni ciddi bir məsələ müzakirə olunmayıb".



Politoloq qeyd edib ki, Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Mİnsk qrupu həmsədrləri ilə ayrı-ayrılıqda da görüşləri keçirilib: "Əslində bunlar ənənəvi görüşlərdir. Çünki hər il Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında adətən xarici işlər nazirləri görüşüblər. Bu görüşlərdən hər hansı real nəticə əldə olunduğunu xatırlamıram. Nəticə nədə əldə oluna bilərdi? Azərbaycan tərəfi təklif irəli sürüb iki girovumuz - Dilqəm Əsgərov və Şahbaz Quliyev azad olunsun. Bununla bağlı onlar tərəfindən müəyyən siqnallar var. Ermənistan müdafiə naziri isə deyib ki, məsələyə baxıla bilər. Əgər Ermənistan buna razılaşarsa, o zaman demək olar ki, görüşün yekunu olaraq müəyyən addımlar atılacaq. Ermənistanın asanlıqla bizim təklifimizlə razılaşacağını güman etmirəm".

Xatırladaq ki, sentyabrın 23-də ABŞ-ın Nyu-York şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. XİN rəhbərlərinin görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: XİN   Bəyanat   Görüş   Elxan-Şahinoğlu  





Xəbər lenti