Bakıda havanı ən çox nə çirkləndirir? - Rəsmi açıqlama

  25 Sentyabr 2019    Oxunub : 1569
 Bakıda havanı ən çox nə çirkləndirir? - Rəsmi açıqlama
"Əgər 70-80-ci illərdə şəhərlərdə atmosferi çirkləndirən mənbələr sırasında əsasən sənaye müəssisələri 70-80 faiz ilə üstünlük təşkil edirdisə, son onillikdə vəziyyət dəyişib və nəqliyyat sektoru Bakıda artıq əsas çirkləndiriciyə çevrilib".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyev deyib.

Onun sözlərinə görə, 2005-ci ildə sənayedən olan tullantılar 53, nəqliyyatdan isə 47 faiz təşkil edirdisə, son illər vəziyyət tədricən dəyişib:

"Hazırda nəqliyyatın payına 80 faizə yaxın tullantı düşür. Bu çirkləndiricilər əsasən azot oksidləri (NOx), dəm qazı (CO)kükürd qazı (SO2) karbohidrogenlər və digər maddələrdir. Nəqliyyatdan fərqli olaraq əksər sənaye müəssisələrindən atmosfer havasına atılan tullantılar texnoloji, ekoloji qaydalara uyğun olaraq borular vasitəsilə müəyyən hündürlükdə atılırlar ki, bu da onların atmosferdə daha tez səpələnməsinə, bununla da konsentrasiyalarının nisbətən azalmasına imkan yaradır və belə müəssisələrin çoxu şəhərin kənarındadılar.
Nəqliyyatdan olan tullantıların spesifik bir tərəfi isə odur ki, onlar insanın birbaşa nəfəs aldığı təpəqəyə atılır. Buna görə də insanlara mənfi təsir effekti özünü daha qabarıq göstərir".

U.Tağıyeva qeyd edib ki, intensiv avtomobil hərəkəti olan şəhər küçələrində Neftçilər, Dərnəgül, Nobel prospekti, "20 Yanvar" dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi, Xırdalan-Sumqayıt yolunda konsentrasiyalar qəbul olunmuş fon göstəricilərindən daha yüksək olur.

"Bununla yanaşı qeyd etmək lazımdır ki, istilik effekti yaradan qazların karbon qazı (CO2) , metan (CH4), azot oksidi (N2O) kimi qazların 15 faizi nəqliyyat sektorunun payına düşür. Bütün bunları nəzərə alaraq, şəhərdə atmosfer havasının ekoloji vəziyyətini yaxşılaşdırmaq yollarından biri də zərərli tullantıları xeyli az olan alternativ nəqliyyat növlərinə üstünlük verilməsidir. Bu baxımdan Azərbaycanda istər elektromobil, istər hibrid avtomobillərin daha geniş istifadəsinə əlverişli mühüt yaratmaqla əhalinin marağını artırmaq vacibdir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Hava   Paytaxt   Nəqliyyat