ASAN könüllülərə nə verir? – MÜSAHİBƏ

ASAN könüllülərə nə verir? – MÜSAHİBƏ
  09 Dekabr 2013    Oxunub:22829
“ASAN xidmət” mərkəzlərində göstərilən xidmət vətəndaş məmnunluğunun təmin olunduğu, korrupsiyanın və bürokratik əngəllərin olmadığı bir çərçivədə həyata keçirilir. Bununla yanaşı bu mərkəzlər gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, sosiallaşması, təcrübə toplaması üçün könüllülərlə sıx əməkdaşlıq edir.
“ASAN xidmət” mərkəzlərində çalışan könüllülərin problemlərinin dinlənilməsi, şikayət və təkliflərinə baxılması ilə bağlı “könüllülər üzrə müvəkkil” vəzifəsi təsis olunub. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xİdmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin könüllülər üzrə müvəkkilli Sahil Məmmədli fikirlərini AzVision.az ilə paylaşıb:

- Sahil, könüllülər üzrə müvəkkil nə mahiyyət daşıyır?

- Bildiyiniz kimi, Dövlət Agentliyi yarandığı gündən etibarən könüllülərlə sıx əməkdaşlıq edir və bu sahədə ölkəmizdə birincilərdəndir. Bu baxımdan belə bir vəzifəninin təsis olunması Agentliyin könüllülərə olan diqqətinin təzahürüdür. Könüllülər üzrə müvvəkil vəzifəsi könüllülərlə işin daha səmərəli təşkil olunmasına şərait yaradır. Artıq hər bir könüllünün “ASAN xidmət” mərkəzlərində çalışdığı müddət ərzində qarşılaşdığı problemlərlə bağlı öz fikirlərini çatdıra bilməsi daha da asanlaşıb. Başqa sözlə, müvəkkil könüllülərin fərdi inkişafı, müxtəlif ehtiyacları barədə fikirlərini öyrənmək, onların şikayət və təkliflərini dinləmək və bu məsələlərin həlli ilə bağlı aidiyyatı işlərin həyata keçirilməsindən bilavasitə məsul şəxsdir.

- Könüllü fəaliyyət ölkəmizə niyə lazımdır?

- İstər Bakıda, istərsə də ölkəmizin regionlarında könüllü fəaliyyətlə bağlı ən böyük problem könüllü fəaliyyətlə bağlı maarifləndirmənin çox aşağı səviyyədə olmasıdır. Gənclərin könüllü fəaliyyətinin məğzini yetəri qədər anlamaması və yaxud yanlış anlaması könüllü fəaliyyətin həyata keçirilməsində böyük çətinliklər yaradır. Dövlət Agentliyinin“ASAN xidmət” mərkəzlərində ilk növbədə gəncləri təlimlərə cəlb etməklə onlara həm ölkədaxili, həm də beynəlxalq səviyyədə könüllü hərəkatının hansı məqsədlə həyata keçirildiyi öyrədilir. Biz könüllüləri fədakarlığa səsləyir, ictimai fəaliyyətdə onların rolunu artırmağa çalışırıq. Məhz bu maarifləndirmə və məlumatlandırma işinin uğurlu həyata keçirilməsi Dövlət Agentliyinin könüllü hərəkatının vüsət almasının əsasında dayanan ən başlıca amil olub.

- Siz könüllülərə nə verirsiniz?

- Könüllü fəaliyyət tətbiq edərək biz hər bir Azərbaycanlı gəncə şəffaf və operativ xidmət göstərən “ASAN xidmət” mərkəzlərinin işi ilə yaxından tanışlıq imkanı yaradırıq. Biz könüllülərə bilik, ilkin əmək vərdişləri, gənc kollektivdə çalışmaq və dövlət orqanının işi ilə yaxından tanışlıq şansı verir və bu yolla könüllülərin əmək bazarında öz yerini tutmalarına yardımçı oluruq. Bununla yanaşı gənclərin dövlət qulluğu tərbiyəsinə yiyələnmələrinə köməklik göstərir, onlarda vətənpərvərlik və dövlətçiliyimizə sədaqət kimi keyfiyyətlərin artırılmasına, formalaşmasına dəstək oluruq. Eyni zamanda, biz onlara öz fiziki və intellektual potensialından istifadə edərək Dövlət Agentliyinin inkişaf prosesinə töhfə vermələrini təmin edirik.

- Bu yaxınlarda “ASAN Könüllüləri Gənclər Təşkilatının yaranması barədə təşəbbüs qrupu mətbuat konfransı keçirdi. Bu təşkilat necə yarandı?

- Zərurətdən yarandı desək, yanılmarıq. Könüllülük fəaliyyətinə ilk başladığımızda 16 gənc bu prosesə cəlb olunmuşdu. İndi isə 300-ə yaxın gənc bizimlə birlikdə çalışır və qeyd etmək istərdim ki, 1000-dən çox məzun könüllümüz olmuşdur. Məzun könüllülərimiz və hazırda “ASAN xidmət” mərkəzlərində çalışan könüllülər belə bir təşkilat yaratmaq təşəbbüsünü irəli sürdülər. Təbii ki, gənclərin belə bir təşəbbüslə çıxış etməsi təqdirəlayiqdir. ASAN könüllülərinin gördüyü işlər çoxdur və onların arzusu gördükləri işlərin təşkilat müstəvisində, daha səmərəli və mütəşəkkil qaydada həyata keçirilməsidir. ASAN Könüllüləri Gənclər Təşkilatını yaratmaqda əsas məsqsəd könüllülərlə mövcud bağları qoruyub saxlamaq və ölkəmizdə gənclərə könüllülük mədəniyyətini aşılamaq habelə vətəndaş cəmiyyəti quruculuğunda öz töhfələrini vermək üçün geniş imkanlar yaratmaqdır. Artıq təşkilatın QHT kimi rəsmi qeydiyyat proseduru başa çatmaq üzrədir.

AzVision.az


Teqlər:





Xəbər lenti