“Yeni avtobuslar qiymət artımına səbəb olmayacaq” - BNA

  26 Sentyabr 2019    Oxunub : 1294
 “Yeni avtobuslar qiymət artımına səbəb olmayacaq” - BNA
Yeni avtobusların gətirilməsi və HUB-ların yaradılması ictimai nəqliyyatda qiymət artımına səbəb olmayacaq.

Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, hazırda ölkəyə gətirilən yeni avtobusların hansı istiqamətlər üzrə istifadəyə veriləcəyi müzakirə olunur.
"Avtobuslar əsasən Bakıətrafı kənd və qəsəbələrə, xüsusilə ən çox şikayət oxunan istiqamətlərə veriləcək. Qala-Pirallahı, Mərdəkan, Bilgəh, Buzovna, Maştağa, Pirşağı istiqamətlərinə yeni avtobusların verilməsi nəzərdən keçirilir".

M.Ağayev qeyd edib ki, ilin sonuna qədər avtobusların xəttə buraxılması yekunlaşdırılacaq.

"Daşıyıcılar tərəfindən də yeni avtobuslar gətirilir. Son 3 ildə daşıyıcılar tərəfindən 200 avtobus gətirilib, 1500 avtobus təmir olunub. Onlar hər avtobusu gətirə bilməz. Avtobuslar Nazirlər Kabinetinin tələblərinə cavab verməlidirlər".

M.Ağayevin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə təhvil-təslim işləri aparıldığı üçün bəzi dayanacaqlarda təmizlik təmin oluna bilmirdi:

"Hazırda dayanacaqlar hər gün yuyulur. Lakin vətəndaşlar tərəfindən təmizliyə riayət olunmur. Dayanacaqlarda müxtəlif iş, alqı-satqı elanları yapışdırılır".

Aytən Zəhra
Azvision.az

Teqlər: BNA   Avtobus