Baş nazir Sebastian Molenös ilə görüşüb

Baş nazir Sebastian Molenös ilə görüşüb
  26 Sentyabr 2019    Oxunub:1528
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov sentyabrın 26-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molenös ilə görüşüb.
Azvision.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədov Dünya Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib, son illər bu münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Bankının Baş icraçı direktoru ilə cari ilin yanvarında Davosda keçirdiyi görüşü xatırladan Novruz Məmmədov həmin görüşdə əməkdaşlığını inkişaf perspektivlərinə dair fikir mübadiləsinin aparıldığını vurğulayıb.

Bu günə qədər Azərbaycan ilə Dünya Bankı arasında 50-yə yaxın layihənin reallaşdırıldığını qeyd edən Baş Nazir deyib: “Biz birgə çox önəmli layihələr üzərində işləmişik. Bu layihələrin uğurla reallaşmasında Dünya Bankının və onun regional direktorunun çox önəmli rolu olub. Əminəm ki, əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək”.

Söhbət zamanı Dünya Bankı ilə Azərbaycan arasında kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrində əməkdaşlığın perspektivlərinə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində infrastruktur layihələrinin icrasının dəstəklənməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: NovruzMəmmədov  





Xəbər lenti