UNEC-də Çin dili kursları üzrə dərslərə başlanılıb

  28 Sentyabr 2019    Oxunub : 934
UNEC-də Çin dili kursları üzrə dərslərə başlanılıb
Sentyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş distant Çin dili kursları üzrə dərslərə başlanılıb.
Azvision.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bununla əlaqədar universitetdə keçirilən təqdimat tədbirində iştirak edib.

Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulan dərslər 1,5 saat olmaqla həftədə 3 dəfə keçiriləcək. Distant təhsil üzrə təlimlər ödənişlidir. Sosial cəhətdən dəstəyə ehtiyacı olan şəxslərin təhsil haqları isə Heydər Əliyev Fondu tərəfindən qarşılanır. Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan elementar səviyyəni bitirən iştirakçılar Çin dilinin ümumi qrammatik quruluşuna bələd olacaq, sadə fikir mübadiləsi aparmaq bacarığında olacaq. Üç ay davam edəcək proqram üzrə təlimlər işdən ayrılmadan distant formada keçiriləcək. Layihənin tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetidir. Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar veriləcək. Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı da əldə edirlər.

Tədbirdə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasında təhsil alan çinli tələbələrlə birbaşa bağlantı oldu.

Leyla Əliyeva universitetdə yaradılan “24/7 kitabxana” ilə də tanış oldu. Müasir proqram təminatı ilə təchiz edilmiş bu kitabxana ölkəmizdə 7 gün, 24 saat fəaliyyət göstərən ilk kitabxanadır. Üçmərtəbəli kitabxananın ikinci və üçüncü mərtəbələrində ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir. Burada məşhur kitabxanaların elektron resurslarına daxil olmaq mümkündür. Tələbələr Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə edə biləcəklər.

Azvision.az

Teqlər: UNEC   Çin   Dil   Leyla-Əliyeva