Azərbaycan-Fransa əlaqələri daha da dərinləşir

Azərbaycan-Fransa əlaqələri daha da dərinləşir
  01 Oktyabr 2019    Oxunub:1968
Sentyabrın 30-da Milli Məclisin sədri Oqtay Əsədov Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azvision.az -ın məlumatına görə, spiker qonaqları salamlayaraq deyib ki, parlamentlərimizdəki dostluq qruplarının qarşılıqlı səfərləri münasibətlərimizin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. İkitərəfli münasibətlərimizin bugünkü səviyyəyə çatmasında yüksək səviyyəli görüşlər mühüm rol oynayır. Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfələr verib. Bu günədək Azərbaycanla Fransa arasında 50-dən çox hüquqi sənəd imzalanıb.

Fransa Azərbaycanın ən qabaqcıl ticarət tərəfdaşlarından biridir. Cari ilin ilk 8 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 630 milyon ABŞ dolları həcmində olub. Bütövlükdə ötən il bu göstərici 624 milyon təşkil edib. Bu gün ölkəmizdə 50-dən çox Fransız şirkəti, o cümlədən “Total” və “Gaz de France” kimi tanınmış şirkətlər uğurla fəaliyyət göstərir.
Sədr siyasi, iqtisadi sahələrdəki uğurlarımızın mədəni-humanitar əlaqələrimizə də müsbət təsir etdiyini söyləyib. Bildirilib ki, 2012-ci ildən Parisdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə açılmış Azərbaycan Mədəniyyət Mərkəzi uğurla fəaliyyət göstərir. Biz tez-tez bu ölkədə Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin şahidi oluruq. Heç də təsadüfi deyildir ki, Fransanın 14 şəhər və 1 vilayəti arasında əməkdaşlıq və dostluq sazişi imzalanmışdır. Azərbaycan Fransa ilə həyatın ən müxtəlif sahələrində əlaqələri genişləndirmək niyyətindədir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uper ölkəmizə səfərindən və səfər çərçivəsində keçirilən görüşlərdən məmnun qaldığını söyləyib. Qeyd edilib ki, Fransa Qafqazın bu bölgəsi ilə siyasi, iqtisadi və mədəni əlaqələri dərinləşdirmək niyyətindədir. Münasibətlərimizin daha da inkişaf etdirilməsində parlamentlərin rolu böyükdür. Deputatlarımızın qarşılıqlı səfərləri, mütəmadi görüşləri ümumi məqsədlərə xidmət edir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qəbulda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Cavanşir Feyziyev, Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros və digər rəsmi şəxslər iştirak ediblər.

Azvision.az


Teqlər: Milli-Məclis   Oqtay-Əsədov   Fransa  





Xəbər lenti